Medianews.az
Dubay səması üçün Nəcməddin müəllim
46 baxış

Dubay səması üçün Nəcməddin müəllim

“Bu məscidə bu namaz da çoxdur”

(Azərbaycan ata sözü)

İran təzə dini lideri seçibmi, yoxsa seçməyibmi, hazırda gündəm temalardan biri budur. Bəzi versiyalara görə, seçiblər, ancaq elan eləməyə qorxurlar, çünki ABŞ və İsrail vəd edib, təzə lideri də öldürməyə hazırmışlar. Bəlkə qorxmaq lazım deyil, əgər dini lider şəhid olub cənnətə düşəcəksə, niyə onu bu fani dünyada ləngidəsən?

İranın dini liderinin kimliyi bizim camaatın da bəzi hissəsi üçün vacibdir. “Ağam, ağam” deyib ağlaşanda kiminsə adı gərək dilində olsun, ağasız yaşamaq bizim camaat üçün hərtərəfli çətindir. İstər icra başçısı olsun, istər rəis, istər şeyx, imam, JEK-in müdiri, uçaskovı və sairə.

Həmçinin, elə-belə, anonim şəkildə ağlaşmaq alınmır. Hərçənd, burda da teoloji ziddiyyət ortaya çıxır: tarixən qeybə çəkilən imamlar olmuşdur. İndi niyə qaib dini lider olmasın?

Bayaq “ağa” teması açdım, bu istiqamətdə məzəli bir əhvalat var. Sovetlər təzə dağılan vaxt burdan kimsə (adı olsun Mamed) varıb gedir Təbrizə. Xoş-beş zamanı görüşənlər özlərini təqdim edirlər: “ağayi Həsən”, “ağayi Hüseyn”, nə bilim, “ağayi Cəfərqulu” və sair. Mamed baxır bunlara, deyir: “fəhleyi Mamed”.

Əlbəttə, kədərli günlərdir, başa düşürəm, anekdot danışmağın yeri deyildir, ancaq regionda 1400 ildir ağlaşma gedir, heç gülmək fasiləsi elan olunmadı. Ona görə yuxarıdakı abzası oxumayan oxumasın, bizim bir üzümüz ağlayanda, o biri üzümüz gülür – dövlət siyasətimiz belənçikdir, qarşı çıxa bilmərik. Üstəlik, 8 mart bayramıdır, anekdotu həmçinin başı açıq zənənlər üçün yazdım.

Xülasə, dini lider axtarışları davam edərkən sayın oxucularımızdan Vüsal müəllim belə təklif irəli sürmüşdür, deyir AYB sədri Anar müəllimin Güney Azərbaycan şöbəsinin əməkdaşı Həmid Herisçi hazırda İranda olmalıdır, elə onu İranın dini lideri seçsinlər.

Həqiqətən, çox layiqli, dəyərli namizəddir. Bir aralar Həmid müəllim bizim milli efirlərdə pir, ocaq, ziyarətgahlar üzrə maarifçi verilişlər də aparmışdır, yəni, hərtərəfli təcrübəyə malikdir. Eynilə iranlı mollalar kimi Mirzə Fətəlini, Mirzə Cəlili, Sabiri və başqa yoldaşları bəyənmir. Hətta iranlıların ölüm cəzası kəsib qətlə yetirdiyi yazıçı Rafiq Tağının ölümünü də dəstəkləmişdi.

Ancaq, əlbəttə, Anar müəllim belə qiymətli kadrı əldən verərmi, verməzmi, bax onu dəqiq bilmirəm. Çünki Həmid ağa İranın dini lideri qoyulsa gərək Anar müəllim AYB-nin beşmərtəbə binasının altıncı mərtəbəsinə köçsün. Orda ona rahatlıq olmayacaq. Bütün günü ittifaqda şəbih çıxaracaqlar.

Allahşükür müəllimi də namizəd olaraq təklif edirik. Bütün Qafqazın şeyxi idi, qoy olsun bütün Asiyanın şeyxi. İrandan sezon vaxtı kartof-soğan vurmaq işində də artım olar, xalqımız dua edər.

Belə geopolitik kadrlarımız çoxdur, sadəcə, paxıllar, xəbislər, namərdlər qabağa getməyə imkan vermir. Məsələn, neçə gündür İranın əsas hədəflərindən biri Birləşmiş Ərəb Əmirliyi, konkret Dubay şəhridir. Raket, dron, cadu, piti, bəddua, qarğış – iranlı mollalar əllərinə nə keçsə tolazlayır ərəb şeyxlərinin başı buluddan nəm çəkən, bir kərpici qızıldan, bir kərpici gümüşdən imarətlərinə. Andıra qalmış dronları vurmaq hətta vurmamaqdan baha başa gəlir, təsəvvür elə, dronun dəyəri uzağı 40-50 min dollardırsa, ona atılan “Petriot” raketinin qiyməti 3-4 milyon dollardan başlanır. Ancaq ərəb şeyxlərinin, necə deyərlər, burnunun ucunda istənilən raketdən güclü silah var. Cumeyrah plyajında geyçimlə (plavki) dolaşır özü üçün. Bəli, söhbət sayın generalımız Nəcməddin Sadıkovdan gedir. Bir neçə il qabaq orda görüntülənmişdi, özü də göyə baxırdı, deyəsən dronların gələcəyini hiss edirdi.

Ərəblər, ABŞ, İsrail Nəcməddin müəllimin geniş hərbi potensialından yararlansa İrandan ora milçəyin uçmağı şübhəlidir. Biz şəxsi təcrübəmizdən bilirik. Nəcməddin müəllim nazirlikdə işləyəndə biz də Qarabağa tərəf baxa bilmirdik.

İndi söz əlaqədar təşkilatlarındır.

Zamin HACI

Bizə qoşulun