Medianews.az
Doktor Mehmet Öz amerikalılara səsləndi:
107 baxış

Doktor Mehmet Öz amerikalılara səsləndi: “Xahiş edirəm peyvənd olunun”

ABŞ-də federal sığorta qurumunun (Medicare və Medicaid xidmətlərinin) rəhbəri olan professor Mehmet Öz ölkə vətəndaşlarına müraciət edib.

Medianews.az-ın məlumatına görə, ABŞ-də qızılca infeksiyasına yoluxmaların sürətlə artdığını vurğulayan Mehmet Öz əhalini peyvənd olunmağa səsləyib.

O bildirib ki, yoluxmaların artması ABŞ-ni qızılcanın aradan qaldırıldığı ölkə statusunu itirmək riski ilə üz-üzə qoyur.

Mehmet Öz deyib ki, problemin həlli yolu var, bu da peyvəndlənməkdən keçir: “Ona görə xahiş edirəm peyvənd olunun. Qızılca məhz peyvənd edilməli xəstəliklərdəndir. Medicare və Medicaid proqramları çərçivəsində qızılca peyvəndi tam şəkildə qarşılanacaq və amerikalıların peyvəndə çıxışında heç bir maneə olmayacaq”.

Hazırda ABŞ-nin Cənubi Karolina ştatında yüzlərlə yoluxmanı əhatə edən qızılca ocağı Texas ştatında 2025-ci ildə qeydə alınmış epidemiyanı ötüb. Yuta və Arizona ştatlarının sərhəd bölgəsində də yoluxma halları aşkarlanıb. Bir sıra digər ştatlarda da təsdiqlənmiş qızılca halları var.

Yoluxmaların əsasən uşaqlar arasında yayılması ictimai səhiyyə mütəxəssislərini narahat edir.

Ekspertlər bildirirlər ki, bir vaxtlar ABŞ-də faktiki olaraq aradan qaldırılmış sayılan qızılcanın yenidən yayılmasında peyvəndlərə ictimai etimadın azalması mühüm rol oynayır.

Rəsmi məlumatlara görə, ölkədə peyvəndlənmə səviyyəsi düşür, peyvənddən imtinaların sayı tarixi maksimuma çatıb.

ABŞ-də qızılca ilə yanaşı göy öskürək kimi peyvəndlə qarşısı alına bilən xəstəlik də sürətlə yayılır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun