23-cü dünya futbol çempionatının açılış matçı - iyunun 11-də Mexikonun "Asteka” stadionunda keçirilən Meksika-Cənubi Afrika qarşılaşması ev sahiblərinin qələbəsi ilə başa çatdı.
Oyunda ikinci topu Cənubi Afrika yığmasının qapısına baş zərbəsi ilə meksikalı hücumçu Raul Ximenes vurdu.
Medianews.az yada salır ki, Raul Ximenes 2020-ci il noyabrın 29-da İngiltərə Premyer Liqasının (EPL) "Vulverhempton"-"Arsenal" matçında kəllə sümüyünün sınması və beyin qansızması ilə nəticələnən çox ağır zədə almış bir futbolçudur.
Həmin zədəni Raul Ximenes “Arsenal”ın müdafiəçisi David Luizlə hava mübarizəsində baş-başa toqquşma zamanı almışdı.
Sümük qəlpəsi beyinə təzyiq etdiyi üçün futbolçu təcili əməliyyat olunmuşdu. Həkimlərin dediyinə görə, o, möcüzə nəticəsində nəinki iflic, hətta ölüm riskindən qurtula bilib.
Raul Ximenesin yaşıl meydanlara yenidən qayıtması təxminən doqquz ay çəkdi.
"Vulverhempton" komandasında oynadığı vaxt aldığı ağır zədə Raul Ximenesi karyerasını bitirmək təhlükəsi qarşısında qoysa da, o, futbola uğurla geri dönə bildi.
Hazırda Raul Ximenes İngiltərənin "Fulhem" klubunda və Meksika millisində yüksək səviyyədə çıxışını davam etdirir.
Amma təkrar zədələrin qarşısını almaq üçün o, hər oyuna başına xüsusi qoruyucu sarğı (tıbbı qoruyucu qask-band) taxaraq çıxır.
Raul Ximenesin 2020-ci il noyabrın 29-da zədələndiyi vaxt çəkilmiş video və fotolar:


Raul Ximenes 2026-cı ilin dünya futbol çempionatında:



