Medianews.az
Bunu “Sea Breeze”də
209 baxış

Bunu “Sea Breeze”də elan etdilər

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarovun ilginc təklifi  

2026-cı il aprelin 17-də Bakıda yerləşən kurort şəhərciyi “Sea Breeze”də Azərbaycan-Rusiya İşgüzar Şurasının genişləndirilmiş iclası keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və işgüzar dairələrinin təmsilçiləri iştirak ediblər.

Görüş ikitərəfli iqtisadi əməkdaşlığın əsas iştirakçılarını bir araya gətirərək, birgə layihələrin perspektivlərinin müzakirəsi üçün mühüm platformaya çevrilib.

İclası Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev açaraq iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Rusiyanı möhkəm ticarət-iqtisadi əlaqələr birləşdirir və bu əlaqələr əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əsas yaradır. O qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarını ötərək sabit müsbət dinamika nümayiş etdirib.


Picture background

Çıxışda Azərbaycanın investisiya imkanlarına, xüsusilə azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Bildirilib ki, bu ərazilərdə 10 il müddətinə xüsusi vergi rejimi tətbiq olunur. Şahin Mustafayev Rusiya şirkətlərini bu layihələrdə daha fəal iştirak etməyə çağırıb.

Vurğulanıb ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Dövlət başçıları tərəfindən yaradılmış əlverişli şərait ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin formalaşdırıb. Artıq yüksək səviyyəli qarşılıqlı fəaliyyət mövcuddur və bunun daha da inkişaf etdirilməsi üçün geniş potensial qalmaqdadır.

Azərbaycan hökuməti ölkədə rəqabətqabiliyyətli və əlverişli biznes mühiti formalaşdırıb. Sənaye parkları sürətlə inkişaf edir, investorlar üçün geniş imkanlar və güzəştlər təqdim edən azad iqtisadi zonalar yaradılır.

Bu kontekstdə Şahin Mustafayev İşgüzar Şuranın üzvlərini mövcud imkanlardan daha fəal istifadə etməyə, həmçinin ticarət dövriyyəsinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində birgə səyləri gücləndirməyə çağırıb.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycanda biznes fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti yüksək qiymətləndirərək azad iqtisadi zonaların cəlbediciliyini vurğulayıb. O, həmçinin “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində rusiyalı istehsalçılar üçün yeni imkanların genişləndiyini qeyd edib və Azərbaycanın nəqliyyat infrastrukturu və logistika həllərinin inkişafındakı əsas roluna diqqət çəkib.

İclasda Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov Şuranın fəaliyyəti barədə hesabat təqdim edib və “Sea Breeze” layihəsinin investisiya potensialını nümayiş etdirib. O, hər iki ölkənin baş nazir müavinlərinin iştiraklarına görə təşəkkür edərək bunun strateji tərəfdaşlığın yüksək səviyyəsini təsdiqlədiyini və xüsusilə turizm və investisiya sahələrində yeni imkanlar yaratdığını bildirib.

Emin Ağalarov işgüzar əməkdaşlığın daha da inkişafı təşəbbüsü ilə çıxış edərək iki ölkənin sahibkarları arasında daimi dialoq platformasının yaradılmasını təklif edib. O qeyd edib: “Bu gün Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin tam bərpa olunduğu elan edildi. Əməkdaşlıq turizmin, investisiya fondlarının və digər inkişaf istiqamətlərinin irəliləməsinə töhfə verəcək. Azərbaycan-Rusiya İşgüzar Şurası adından təklif edirəm ki, “Sea Breeze”də hər il biznes forum keçirilsin. Bu platforma ticarət əlaqələrinin möhkəmlənməsinə, sahibkarlar arasında dialoqun genişlənməsinə və iqtisadi münasibətlərin dərinləşməsinə xidmət edəcək”.


“İşgüzar Rusiya” Ümumrusiya ictimai təşkilatının sədri Aleksey Repik əməkdaşlığın müsbət dinamikasını və birgə fəaliyyət üçün geniş perspektivləri qeyd edib. O, Sea Breeze-in xüsusi atmosferini vurğulayaraq bildirib ki, buraya qayıtmaq onun üçün əsl bayramdır və bu məkan investisiya, iqtisadi və ticarət əməkdaşlığının inkişafı üçün böyük potensial nümayiş etdirir.

“AZPROMO”-nun icraçı direktoru Yusif Abdullayev isə İşgüzar Şuranın loqosunun əməkdaşlığın sonsuzluğunu simvolizə etdiyini qeyd edib. Onun sözlərinə görə, münasibətlərdə müəyyən çətinliklərə baxmayaraq, iki ölkə arasında iqtisadi və strateji tərəfdaşlıq sabit və uzunmüddətli xarakter daşıyır.

Turizm əməkdaşlığının inkişafı da xüsusi diqqət mərkəzində olub. Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Rusiya Azərbaycan üçün əsas turizm bazarlarından biri olaraq qalır. 2024-cü ildən Moskvada fəaliyyət göstərən turizm nümayəndəliyi və 2024–2026-cı illər üzrə imzalanmış Yol Xəritəsi turist axınının daha da artması üçün zəmin yaradır.

İclas çərçivəsində Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının əvvəlki gün keçirilmiş iclasının nəticələri də təqdim olunub. Tərəflər nəqliyyat, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Görüşün praktik nəticəsi kimi “Ximqrad” texnopolisı ilə “NexTouch” şirkətlər qrupu və “Neks-T” QSC arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş Sumqayıt Sənaye Parkı ərazisində interaktiv avadanlıqların, displeylərin, proqram və aparat təminatının, həmçinin əlilliyi olan şəxslər üçün texnoloji həllərin istehsalını nəzərdə tutan investisiya layihəsinin həyata keçirilməsini ehtiva edir.

Bizə qoşulun