Yol hərəkəti təhlükəsizliyini bəhanə edərək, vətəndaşların və ya müxtəlif qurumların küçələrdə, hətta yaşayış binalarının həyətlərində özbaşına sürətazaldıcı maneələr ("tramplin") quraşdırması ciddi qanun pozuntusu hesab olunur.
Medianews.az xəbər verir ki, məsələ ilə bağlı mütəxəssislər və rəsmi qurumlar xəbərdarlıq edir ki, bu cür hərəkətlər həm qanunsuzluqdur, həm də inzibati məsuliyyət yaradır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Baku Tv-yə müsahibəsində bildirib ki, ümumi istifadədə olan yollarda və məhəllədaxili küçələrdə sürətazaldıcı maneələrin quraşdırılması yalnız aidiyyəti dövlət qurumlarının razılığı və iştirakı ilə həyata keçirilə bilər. Ekspert qeyd edib ki, çoxmənzilli binaların həyətlərində vəziyyət bir qədər fərqli olsa da, burada da müəyyən prosedurlar gözlənilməlidir:
"Azərbaycan Respublikasının Mənzil Məcəlləsi sakinlərə öz həyətlərində təhlükəsizlik məqsədilə tramplin, şlaqbaum və digər məhdudlaşdırıcı vasitələr quraşdırmağa imkan verir. Lakin bu, qaydalara riayət edilməsi şərti ilə mümkündür."