Medianews.az
Bolqarıstanda müəmmalı ölüm zənciri:
109 baxış

Bolqarıstanda müəmmalı ölüm zənciri: 6 nəfərin meyiti tapılıb

Bolqarıstanın qərbindəki dağlıq ərazidə baş verən hadisələr zamanı altı nəfərin meyiti aşkarlanıb.

Medianews.az xəbər verir ki, hüquq mühafizə orqanları hadisəni şübhəli qətl–intihar kimi qiymətləndiriblər.

Fevralın 2-də Petrohan dağ keçidi yaxınlığında yanmış daxmanın ətrafında 45, 49 və 51 yaşlı üç kişinin meyiti tapılıb. Məhkəmə-tibbi ekspertiza onların yaxın məsafədən odlu silahla vurulduğunu müəyyən edib. Hadisə yerindən iki tapança və bir tüfəng götürülüb.

Altı gün sonra isə Okolçista dağı yaxınlığında park edilmiş kamp avtomobilində iki kişi və 15 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. İlkin məlumata görə, avtomobildə atəş açılıb. Ekspertiza nəticələri iki qətl və bir intihar ehtimalını gücləndirir.

Təhlükəsizlik kameralarının görüntülərində hər iki qrupun yanmış daxmada görüşərək sağollaşdığı, daha sonra isə orada qalan şəxslərin tikilini yandırdığı əks olunub.

Rəsmi qrumlar hadisəni ölkə üçün “misli görünməmiş cinayət” adlandırıb. Bildirilib ki, ölənlərin əksəriyyəti təbiətin mühafizəsi ilə məşğul olan qeyri-hökumət təşkilatının üzvləri olub.

Faktla bağlı araşdırma davam edir.

Medianews.az

 

Bizə qoşulun