Aprelin 19-u Bolqarıstanda növbədənkənar parlament seçkisi keçiriləcək.
Medianews.az bildirir ki, bu, 2021-ci ildən bəri səkkizinci seçki olacaq. 2021-ci ildə üç, 2022 və 2023-cü illərin hər birində bir, 2024-cü ildə iki seçki sabit hökumət qurulmasına gətirməyib.
Proporsional üsulla (partiya siyahıları üzrə) seçilən Bolqarıstan parlamenti 240 deputatdan ibarətdir. Hökumət qurmaq üçün 121 mandat gərəkdir.
19 aprel seçkisində qələbəyə sabiq prezident Rumen Radevin başçılıq etdiyi siyasi qüvvə şanslı sayılır. 2016 və 2021-ci illərdə prezident seçilmiş Rumen Radev 2026-cı il yanvarın 19-da istefa verib, yanvarın 23-də vitse-prezident İliyana Yotova prezident kürsüsünə oturub.
Son rəy sorğularına görə, Rumen Radevin adsız siyasi qüvvəsi GERB Partiyası və Demokratik Qüvvələr İttifaqını, Yeniliklərə Davam Partiyası və Demokratik Bolqarıstan Partiyasını, Hüquq və Azadlıq Hərəkatını, Dirçəliş Partiyasını, Sosialist Partiyasını geridə qoyur.