Medianews.az
“Bəxt üzüyü” filminin çəkildiyi həyət satıldı, yanğın baş verdi -
3,138 baxış

“Bəxt üzüyü” filminin çəkildiyi həyət satıldı, yanğın baş verdi - ÖZƏL+FOTOLAR

“Bəxt üzüyü” filminin çəkildiyi həyət satılıb.

Bu haqda filmin çəkilişlərinə şahidlik edən kənd sakini Novruz Məmmədov Medianews.az saytına danışıb:

“Həmin həyət Şüvəlanın Əncirlik deyilən ərazisində yerləşir. Bu evin sahibi tək bir qadın idi. Həyat yoldaşı Bayram kişi rəhmətə gedəndən sonra qadın buranı satıb, Məhəmmədi kəndinə köçdü. Bu həyəti alan şəxs də film həvəskarıdır. Deyərdim ki, həmin şəxsin bu həyəti almasında burada “Bəxt üzüyü” filminin çəkilməsi də böyük rol oynayıb. Necə alıbsa elə də qalıb. Heç nəyi sökmədi, dağıtmadı. Dedi ki, həyəti olduğu kimi saxlamaq lazımdır. Sən demə “Bəxt üzüyü” filmi həmin şəxsin də ən çox sevdiyi ekran işi olub. Həmin həyəti alan şəxs yenidən buranı satışa çıxarıb. O vaxt buranı ucuz almışdı, indi 130 min manata satır”.

Novruz Məmmədov filmin çəkilişlərinə şahidlik etdiyini bildirib və xatirələrini bölüşüb:

“Film çəkiləndə mənim 18 yaşım var idi. Yeniyetmə dövrümə təsadüf edib. Biz qonşuluqda yaşayırdıq. Filmdə külafirəngi görünür, bax o bizim həyətimiz idi. Qonşular bizim həyətimizdən çəkilişə baxırlar. Ramiz Əzizbəyli o vaxt bu kadrı da filmə salmışdı. Qatıq satan da kənd adamı idi. O qədər mehriban kollektiv, aktyorlar idilər ki. Firəngiz Rəhimbəyova ilə Valeh Kərimovun çəkildiyi ev bu həyətdə deyildi. Maketdən hazırlamışdılar, qapını açırdın, həyətə çıxırdın. Evin içindəki səhnələr başqa ərazidə çəkilib. Afaq xanım o qədər evimizə gəlib-gedirdi ki. Telefonla zəng edib ailəsi ilə danışırdı. Fasilələrdə bütün aktyorlarla çay içirdik, söhbət edirdik, deyib-gülürdük. Biz də yeniyetmə uşaqlar idik də. Onların qulluğunda dayanırdıq. Nə lazım idisə tez qaçıb özümüzü yetirirdik”.

Novruz Məmmədov deyir ki, həyətdə bir müddət əvvəl yanğın baş verib:
“Bir ay əvvəl qonşunun həyətindəki yanğın həmin evə də keçdi. Evin arxasında taxtadan bir balaca kotej var idi. O yandı. Yaxşı ki, bu filmin çəkildiyi evə ziyan dəymədi. Yanğını tez söndürmüşdülər. Biz özümüz də, qonşular da köməklik etdik. Yanğını söndürməsəydilər həmin ev də yanacaqdı”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun