Ötən yazıya kiçik düzəlişlə başlayaq. Mən orda “şlaqbaum” sözünün almanca “kəsik ağac” anlamı verdiyini yazmışdım. Dəyərli dostum, riyaziyyatçı alim və almancanı da gözəl bilən İsmixan Yusub mesaj göndərdi, deyir, alman dilində o söz “şlagen” – “vurmaq” (zərbə mənasında) və “baum” – “ağac” sözlərinin birləşməsidir.
Təşəkkür edirəm, eyni zamanda, məndə belə fikir yarandı ki, əslində şlaqbaum elə qədim türk sözüdür. Nəyə görə? Fikir verin, biz də “vurmaq” feilini bəzən “şıllaq atmaq” kimi işlədirik. O cümlədən, “baum” sözü “bağ” sözünü yada salmırmı? Deməli, şlaqbaum tərtəmiz bizim sözdür, heç “əyilkeç”, “vurdayan”, “dombaldur” kimi yeni sözlər uydurmağımıza ehtiyac qalmır.
Birini də yazım, bəlkə camaat bilmir – “totem” sözünün türk köklü olması ehtimalı böyükdür. Çünki bu söz Şimali Amerika hindularının dilindən alınıb və orda da “dədə-babadan qalma adətlər, simvollar” mənasında işlənirmiş. Yəni, “totem” sözü “dədəm” deməkdir!
“Kanada” sözü “kənd” demək olduğunu yəqin hamı bilir, onu yazmağa ehtiyac yoxdur. Totem sözü də tam həmin ərazidəki qəbilələrin dilindən alınıb.
Sözü ona gətirirəm ki, savadlı olmaqla iş bitmir, gərək həm də vətənpərvər olasan.
Məktəbimizin darvazası ağzında bir qəssab dana-duna kəsib satır. Kəllə, kəsik ayaqlar, içalat qarmaqdan asılır, mən buna etiraz elədim, qəssab müəllimə dedim ki, uşaqlar görür, onlara pis təsir edir, bəlkə heyvanı içəridə-zadda kəsib satsın.
Qəssab baltanı götürüb mənə cumdu... Zarafat edirəm, əsl məktəb qəssabı kimi mənə metodik-pedaqoji üsullarla gerçəkliyi başa saldı. Dedi, vaxtın varsa, burda dur, gözlə, indi uşaqlar dərsdən çıxacaq. Əlac kəsildi, boynumu qoydum ət doğranan kötüyün üstünə, başladım gözləməyə. Bir az sonra məktəbin qapısı açıldı, içəridən uşaqlar sürətlə küçəyə axışdılar. Sanki bizon sürüsü preriyada gedirdi, “Əcəmi”də endirimli cındır mağazasının açılışıydı, nə bilim, üsyançılar Bastiliya qalasına hücuma keçmişdilər. Qapıçı ayaq altında qaldı, bəzi valideynlər də xurd-xəşil oldular.
Nəsə, bunlar bizi maraqlandırmır, şagirdlər qəssabın obyektinə yaxınlaşanda ətə baxıb... gülməyə başladılar. Biri əlini dananın gözünə soxdu, başqası uzaqdan qaçıb kəlləyə təpik vurdu, təxminən 2-ci sinif şagirdi olan kəpənək bantlı, burnufırtıqlı bir qız isə səkiyə qoyulmuş dırnağa lak çəkdi. Mən dəxi qəssaba bir zad söyləməyə ehtiyac duymadım, rədd oldum.
İndi bir video yayıblar, orda müəllim orta məktəbin 6-cı sinif “Tarix” dərsliyindən şikayətlənir, deyir, bu nə kitabdır, uşaqlar bunu oxuyanda tarixə nifrət edirlər və sairə. Səbəb isə belədir ki, bu kitabda ibtidai icma quruluşuna 63 səhifə yer ayrılıb, ümumi dünya tarixi isə 5-10 səhifədə yola verilibmiş.
Çox savadsız yanaşmadır. Biz hazırda ibtidai icma quruluşunda yaşayırıqsa, dərslik nədən bəhs etməliydi? Həmin kitabı yazan 6 müəllifə, tarixçi alimlərə minnətdar olmalıyıq ki, onlar uşaqlarımızı həyata hərtərəfli hazırlayırlar. Misal üçün, ibtidai icma quruluşu daş dövrünə düşür, bizdə daş kultu var, hərə kubiklə bir şey qayırmağa çalışır. Qaradağ karxanası bir saniyə dayanmır. Dənizə, meşəyə, yola, küçəyə, hamama, tualetə... qısası, hər yerə daş hasar çəkilib.
Yeri gəlmişkən, koronavirusa görə sərhəd bağlıdırsa, ümumdünya tarixi uşağın nəyinə lazımdır? O bölüm tam ləğv edilsə yaxşı olar. Öz tariximiz bəsimizdir. Başqa xalqların tarixi hamısı yalandır.
Yuxarıda totem temasını nahaq açmadım. Biz ibtidai icma quruluşunun totemizm, animizm, şamanizm kimi dini inanclarında qalmışıq. Hamı fala baxdırır, cadu yazdırır, nə bilim, nə qələt edir...
Həkimə inam yoxdur, inəyin öd daşı, ayı sidiyi, eşşək quyruğu ilə müalicə edirlər.
Mədəniyyət kinoteatrın divarına cızmaqara etməklə özünü göstərir. Ki, həmin “rəsmlərə” baxanda Qobustan qayalarındakı rəsmlər Leonardo fırçası effektindədir.
Qohum nikahları, danışıq qabiliyyətinə tam çatmamış insanlar, dava-şava, görməmişlik... Əlamətlər çoxdur.
Bircə əlamət var ki, biz ibtidai icma quruluşundan çıxmışıq, o da bu yazıdır.