Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib.
Medianews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, anonimliyin təmin edilməsi məqsədilə siyahıya salınan hər bir namizədə rəqəmlərlə ifadə olunan şəxsi eyniləşdirmə kodu verilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur.
İmtahana azı iki gün qalmış hər bir namizədə onun fotoşəkli olan buraxılış vərəqəsi verilir. İmtahanın keçiriləcəyi barədə elanda buraxılış vərəqəsinin veriləcəyi tarixə dair məlumat göstərilməlidir.
Buraxılış vərəqəsində namizədin şəxsi eyniləşdirmə kodu, imtahanın keçirildiyi ünvan, tarix, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi qeyd olunur.
İmtahandan müvəffəqiyyətlə keçən və söhbətdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri on beş iş günü ərzində Nazirliyin insan resursları qurumuna təqdim etməlidirlər.
İmtahan üç saat müddətində fasilə verilmədən keçirilir.
İmtahanda icra məmurunun fəaliyyətində tətbiq olunan normativ hüquqi aktlara dair hər bir sualın düzgün cavabı bir balla (cəmi 60 mümkün bal), namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən hər bir sualın düzgün cavabı 0.5 balla (cəmi 20 mümkün bal) qiymətləndirilir.
Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
İmtahanda 55 və daha çox bal toplamış namizədlər söhbət mərhələsinə buraxılırlar.