Medianews.az
Yerli məhsullar niyə bahalaşır və azalır? –
364 baxış
Yüklə

Yerli məhsullar niyə bahalaşır və azalır? – Ekspert əsas səbəbləri AÇIQLADI

Bazarlarda xarici məhsulların payı getdikcə artır, yerli məhsullar isə nisbətən geri planda qalır. Bu tendensiya qiymət fərqləri, çeşid bolluğu və logistika imkanları ilə yanaşı, yerli istehsalın qarşılaşdığı çətinliklərlə izah olunur. Yerli məhsulların rəqabət qabiliyyətini artırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, yerli istehsalın rəqabət qabiliyyətli olması üçün ilk növbədə tələb və təklif balansı qorunmalı, daha sonra isə texniki təchizat, münbit şərait və digər amillər təmin olunmalıdır.

Onun sözlərinə görə, ilk növbədə problemin əsas səbəbi tələb və təklif balansının pozulmasıdır. Tələb mövcuddur, lakin təklif kifayət qədər deyil:

“Ya məhsul əkib-becərən, yetişdirən yoxdur, ya da məhsul birbaşa xarici bazarlara ixrac olunur. Əslində isə kənd təsərrüfatının vergidən azad olunması məsələsinə yenidən baxılmalıdır. Qərar yerli bazarı təmin etmək məqsədi daşısa da, praktikada tam əks nəticə verir. Yığılan məhsulun xaricə ixracı həm bazarda qiymətləri artırır, həm də xaricdən genetik modifikasiya olunmuş (GMO) məhsulların daxil olmasına şərait yaradır”.

Ekspert qeyd edib ki, əgər rəsmi fəaliyyət göstərən saxlanc anbarları mövcud olsa və xaricə göndərilən məhsulların qeydiyyatı aparılsa, vəziyyət bu cür olmazdı:

“Hazırda isə aydın deyil ki, kim hansı məhsulu əkib, hara satıb və əldə olunan gəlirin vergisi necə ödənilir. Yerli məhsulların bazarda çatışmazlığının və rəqabət qabiliyyətinin zəif olmasının ikinci səbəbi meqapolisləşmə, kütləvi şəkildə şəhərlərə köç, həmçinin kəndli və fermerlər üçün innovativ texniki avadanlığın çatışmazlığıdır. Kəndlərdə əhalinin əksəriyyətini yaşlı insanlar təşkil edir. Bar verən ağaclardakı meyvələr belə çox vaxt istifadəsiz qalır, çünki gənclər iş dalınca paytaxt Bakıya üz tuturlar”.

G.Hüseynova sonda vurğulayıb ki, xarici ölkələrdə müasir texnika və avtomatlaşdırılmış yığım avadanlıqları mövcuddur:

“Bu səbəbdən orta yaşlı insanlar belə kənd təsərrüfatına qayıdaraq təsərrüfatla məşğul olurlar. Bizdə isə onların geri qayıtması üçün kifayət qədər şərait yoxdur. Elə kəndlər var ki, orada əczaçılıq məntəqəsi, tibb xidməti, yol infrastrukturu yoxdur. Yağış yağan kimi yollar yararsız hala düşür, suvarma sistemi isə kifayət etmir.

Əslində məsələ sadə görünsə də, onun arxasında çoxsaylı səbəblər dayanır. İqtisadiyyatın hər hansı bir sahəsinin inkişafı ilk növbədə infrastrukturdan asılıdır”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun