Medianews.az
Bu müharibə üç təfəkkür tərzinin toqquşması idi –
141 baxış

Bu müharibə üç təfəkkür tərzinin toqquşması idi – TƏHLİL

“ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs əldə edilməsi pozitiv məqamdır və buna görə Pakistan rəhbərlərinin əməyi təqdirəlayiqdir”. Siyasi təhlilçi Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, məhz Pakistanın səyləri ilə raketlər, hərbi təyyarələr və PUA-lar əvəzinə danışıqlar masasına üstünlük verildi: “Qarşılıqlı hərbə-zorbalar, bir gecədə İran sivilizasiyanın məhvi ediləcəyi, düşmənə cəhənnəm yaşadılacağına dair hədə-qorxular öz yerini konkret təkliflər paketlnin müzakirəsi barədə razılaşmaya verdi. Tərəflər arasında psixoloji gərginliyin hələ uzun müddət davam edəcəyi şübhəsizdir və bu gərginlik atəşkəsin nə qədər davam edəcəyinə, danışıqların nə ilə nəticələnəcəyinə öz təsirini göstərə bilər”.

Q.Əlibəylinin fikrincə, əslində bu müharibə geosiyasi və iqtisadi maraqlardan daha çox müxtəlif dünyagörüşlərin və təfəkkürlərin müharibəsi idi, atəşkəs və danışıqlar barədə razılığın əldə olunması bu müharibənin başa çatması anlamına gəlmir: “ABŞ bu müharibəyə hərbi gücə və üstünlüyə arxalanan “Böyük Amerika” təfəkkürü ilə qoşulub. Bu təfəkkürün mahiyyəti dünyanın bütün regionlarını ABŞ-ın həyati maraqları dairəsinə aid etmək və digər dövlətləri öz nəzarətində saxlamaq iddiası üzərində qurulub. Tramp administrasiyası ilk dövrlərdə Amerikanı iqtisadi mexanizmlər vasitəsilə böyük etmək fikrinə düşmüşdü. Lakin gömrük rüsumları ilə bağlı Amerika daxilində ciddi hüququ maneələrlə və bir çox dövlətlərin qarşılıqlı addımları ilə rastlaşan bu iqtisadi mexanizmlər öz məqsədinə çata və Amerikanı böyük edə bilmədi. Ona görə də başqa dövlətlərə qarşı ərazi iddiaları və ABŞ-a boyun əymək istəməyən rejmlərin ərazisində hərbi gücdən istifadə mexanizmi işə salındı. Əvvəlcə Venesuela, sonra isə İran hərbi güc mexanizminin qurbanlarına çevrildi və bir neçə digər dövlətlərin də hədəfə alındığı elan olundu. Həm Venesuelada və həm də İranda hərbi gücdən istifadə “Böyük Amerika” təfəkkürü ilə yanaşı alverçi təfəkkürü ilə müşaiyət olunur. Tramp Venesuelanın neftini satdığını və nə qədər gəlirlərinin olduğunu təntənəli şəkildə bəyan etdikdən sonra İranın neftini də satacaqlarını fəxrlə dünyaya bildirdi. Bu isə adi alverçi təfəkkürüdür. Bu mənada ABŞ-ın İsrailə qoşulub İranla müharibəyə girməsi strateji və geosiyasi zərurətdən daha çox alverçi təfəkküründən qaynaqlanır.

İsrailin İrana qarşı müharibə başlatması (bu artıq heç kimdə şübhə doğurmur) zahirən özünüqoruma təfəkküründən qaynaqlanan kimi görünür. Məlumdur ki, İran İsrailin bir dövlət kimi varlığını qəbul etmir və onu müntəzəm surətdə yer üzündən siləcəyi ilə hədələyir. Lakin bu məsələnin yalnız zahiri tərəfidir. Məsələnin pərdəarxası tərəfi isə bir qədər fərqli görünür. Bu “vəd olunmuş torpaqları” birləşdfirərək “Boyük İsrail” yaratmaq təfəkkürüdür. Bu təfəkkür artıq İsrailin dövlət siyasəti səviyyəsinə yüksəldilib. Fələstin və digər ölkələrin torpaqları İsrail hakimiyyəti tərəfindən hissə-hissə ələ keçirilərək qanunsuz şəkildə məskunlsaşdırılır. Natanyahu dəfələrtlə əsas məqsədinin super güclü İsrail yaratmaq olduğunu bəyan edib. Təbii ki, supergüclü olmaq istəyən İsrail regionda güclü dövlətin olmasını istəmir. Bu baxımdan İsrailin Türkiyə və İrana münasibəti özünüqoruma instiktindən daha çox supergüclü olmaq təfəkküründən qaynaqlanır.

Lakin İsrail haklimiyyəti Türkiyə ilə hərbi qarşıdurmaya getmək və ABŞ-ı Türkiyəyə qarşı müharibəyə cəlb etmək şansının olmadığını çox gözəl başa düşür. Buna görə də Türkiyəni ona dost olmayan qüvvələrlə təcrid etmək, İranı isə parçalamağa, bu mümkün olmadıqda isə zəif vəziyyətdə sdaxlamağa üstünlük verir”.

Q.Əlibəyli mətbutda dəfələrlə yazılmış bir layihə barədə də qısaca xatırlatma edib. O deyib ki, İsrail hərbçiləri tərəfindən irəli sürülən və şərti olaraq “yeni Orta Doğu” layihəsi adlandırılan bir layihə mövcuddur: “Bu layihəyə görə, dünya xəritəsinə Suriya, İraq və Güney Azərbaycanın hesabına yaradılan yeni bir dövlət – kürd dövləti çıxmalıdır. Təbriz də həmin dövlətin tərkibinə daxil olmalıdır. Yaradılması nəzərdə tutulan yeni kürd dövlətinin güman olunan coğrafiyası da diqqəti çəkir. Həmin çoğrafiyada yeni kürd dövlətinin yaranması ilə Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri ilə birbaşa əlaqəsi kəsilir və Türkiyə faktiki ona düşmən olan və uzun müddət ona qarşı silahlı mübarizə aparan qüvvələrlə tam əhatə olunur. Məhz buna görə də İranla müharibə başlayandan dərhal sonra İsrail İraqdakı kürd silahlı dəstələrini İrana qarşı müharibəyə təhrik etməyə dəfələrlə cəhd göstərdi.

Bu müharibə İran tərəfindən başlanmasa da, rejimin hibrid təfəkkürünün və dünyagörüşünün təsiri də nəzərə alınmalıdır. Orta əsr təfəkkür tərzindən uzaqlaşa bilməmək, qədim sivilizasiya olmaq iddiası, türk dünyasını qəbul etməmək, türklərə, yəhudilərə, ABŞ-a nifrət, bölgəyə öz malikanəsi kimi baxmaq, qonşu dövlətlərə qarşı ərazi iddiaları və təxribatlar, öz xalqına münasibətdə zorakılıq və hərbi gücün tətbiqi, etirazların qan içində boğulması həmin bu hibrid dünyagörüşünün təzahürləridir. İsrail və ABŞ da bundan istifadə etməyə tələsdilər.

Bu üç təfəkkür tərzinin və dünyagörüşünün toqquşması və müharibənin 40 günü təkcə İrana deyil, İsrail və ərəb dünyasına dağıdıcılıq və insan ölümlərindən, iqtisadi və enerji sahələrində dünyanın xoşa sürüklənməsindən başqa heç nə verməyib. Lakin müharibənin 40 günü bir həqiqəti ortaya çıxardı: ABŞ və İsrail qələmə verildiyi kimi güclü, İran isə gözlənilən kimi zəif deyilmiş.

Müharibə edən tərəflərin və digərlərinin nə qazanıb, nə itirdikləri məsələsi isə ayrıca bir söhbətin mövzusudur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun