Medianews.az
ABŞ və İran hansı məsələlərdə razılığa gələ bilər? - AÇIQLAMA
129 baxış

ABŞ və İran hansı məsələlərdə razılığa gələ bilər? - AÇIQLAMA

ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşması, aprelin 10-dan Pakistanın paytaxtı İslamabadda Vaşinqtonla Tehran arasında start götürəcək danışıqlar Yaxın Şərqdə sülhə gətirib çıxaracaqmı? İki həftə sonra müharibə yenidən başlana bilərmi?

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın sonuncu sərt ultimatumundan sonra Pakistannın vasitəçilik səyləri daha da artdı: “Gecə saatlarında Pakistanın baş naziri Şahbaz Şərifin çağrışı ilə tərəflər iki həftəlik atəşkəs rejmi barədə razılıq əldə etdilər. Hazırda masada hər iki tərəfin təklifləri var: İranın 10, ABŞ-nin 15 maddəlik təklifləri. Burada tərəflərin qəbul etməyəcəyi xeyli məqam var. Lakin qəbul edəcəkləri məqamların da olduğunu demək olar. Hər iki tərəfin açıqlamasına diqqət yetirəndə fərqli yanaşmalar görürük. Önəmli olan odur ki, iki həftə atəşkəs olacaq və tərəflər də bundan maksimum istifadə etməyə çalışacaqlar. Şübəsiz ki, İsrail də Amerikanın istəklərini qəbul etmək məcburiyyətində qalacaq”.

Politoloqun fikrincə, müəyyən kompromislərlə hansısa bir razılaşmanın əldə olunması mümkündür: “Amma bir daha qeyd edirəm ki, tərəflərin qəbul edə bilməyəcəyi şərtlər var. Xüsusilə də İranın irəli sürdüyü, ABŞ-nin təzminat ödəməsi, bölgədən hərbi bazalarını çıxarması kimi məsələlər. Bunların qəbulu imkansız görünür. Hər halda ümid edirik ki, danışıqlar prosesi müəyyən nəticələrə gətirəcək. Düzdür, bu ehtimal çox yüksək deyil. Həm də düşünürəm ki, tərəflər bu iki həftə ərzində öz qüvvələrini yenidən quruplaşdırmaqla və toplamaqla növbəti savaşa da hazırlıq içərsində ola bilərlər. Biz Trampın və İran rəsmilərinin açıqlamalarına baxanda bu notları da görürük. Donald Tramp bəyan edir ki, İran atəşkəsə razıdır, yeni bir dönəm başlana bilər və əlavə edir ki, “amma biz orada olacağıq”. ABŞ-nin orada olması o deməkdir ki, öz hərbi kontingentini bölgədən uzaqlaşdırmayacaq. Necə deyərlər, hələ ki, tətikdə gözləyəcək. İrandan da təxminən eyni mövqeni görürük.

Tərəflərin kompromisə gələ biləcəyi məsələlər arasında Hörmüz boğazının açılmasını və atəşkəsin saxlanmasını qeyd etmək olar. O cümlədən sanksiyaların yumşaldılması, İranın uranı hansı dərəcəyədək zənginləşdirməsi məsələsi ilə bağlı razılaşmalar ortaya çıxa bilər. Hər bir halda savaşın iki həftə sonra davam etmə ehtimalı da kifayər qədər yüksəkdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun