Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevə səfərindən sonra ölkəsinin Rusiya ilə Ukrayna arasında sülh danışıqları təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib.
Medianews.az xəbər verir ki, nazir müsahibəsində Türkiyə olaraq, tərəfləri danışıqlar masasına qaytaracaq və davamlı sülhün bərqərar olmasına töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazır olduğunu qeyd edib. O, həmçinin Ukrayna Xarici İşlər Nazirliyinin müvəqqəti rəhbəri olan Andrey Sibiqa ilə yanaşı, ölkə rəhbərliyinin digər yüksək vəzifəli nümayəndələri ilə Rusiya-Ukrayna münaqişəsindəki mövcud vəziyyəti müzakirə etdiyini bildirib.
İkitərəfli münasibətlərdən danışarkən o, Türkiyə ilə Azad Ticarət Sazişinin Ukrayna parlamenti tərəfindən təsdiqlənməsini mühüm mərhələ adlandırıb. Bu Saziş iş adamları üçün yeni imkanlar yaradacaq və iqtisadi tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıracaq./Teleqraf