Medianews.az
Azərbaycanda yararsız avtomobillər və onların utilizasiya pulu hara “buxarlanır”?
80 baxış

Azərbaycanda yararsız avtomobillər və onların utilizasiya pulu hara “buxarlanır”?

Azərbaycanda rəsmi statistikanı bir az eşələyən kimi çox sayda uyğunsuzluqlar, məntiqi izahı olmayan rəqəmlər, ciddi suallar çıxır.

2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 676.1 min ədədə çatıb.

Avtomobil parkında ən böyük paya malik marka əvvəlki illərdə olduğu kimi VAZ (LADA) olub. Burada bütün modifikasiyada olan VAZ-lar hesablanır - bu markanın sayı il ərzində 135.5 min ədəd və ya 33.8% azalaraq 265.6 minə düşüb.

Yəni son 1 ildə VAZ (LADA) markalı avtomobillər 135 min 500 ədəd azalıb, qeydiyyatı ləğv edilib, yollardan çıxıb. Bura qədər hər şey aydın oldumu?

Azərbaycanda 2 ilə yaxındır ki, utilizasiya rüsumu (vergisi) tətbiq edilir. Minik avtomobilləri üçün utilizasiya rüsumu gömrük rəsmiləşdirilməsi zamanı 400-700 AZN, hər dövlət texniki baxışı zamanı isə 10-40 AZN təşkil edir. Ödəniş məbləğləri birbaşa nəqliyyat vasitəsinin istehsal-buraxılış ilindən asılıdır. Yəni hər il bu məqsədlə on milyonlarla manat vəsait toplanır.

İndi gələk utilizasiya olan avtomobil sayına – rəsmi məlumata görə, bu proqram il yarımdır icra olunur və bu müddətdə 26 mindən yuxarı istismara yararsız nəqliyyat vasitəsi təhvil verilib. Həmin nəqliyyat vasitəsi təhvil verildiyi halda utilizator tərəfindən şəxslərə sertifikat verilir ki, bununla da onlar yeni avtomobil aldığı zaman güzəşt əldə edirlər.

Yaxşı, son 1 ildə bir tək VAZ (LADA) markalı 135 min 500 maşın azalıb, amma cəmi 26 min avtomobil sahibinə utilizasiya sertifikatı verilməklə maşınları alınıb, özü də bu bir ilə yox, 1,5 ilə baş verib. Sual yaranır – bəs bir tək VAZ (LADA) markalı maşınlarda 135,5 min azalma varsa, və tutalım ki, sertifikat verilən bütün avtomobillər elə bu markadandırsa, bəs 110 minə yaxın dövriyyəsən çıxan digər avtomobillərə nə olub? Onlara niyə utilizasiya sertifikatı verilmir? Bəs, yaxşı, vətəndaşlardan məhz bu məqsədlə toplanan on milyonlarla manat vəsait hara gedir, nəyə xərclənir və ya harada toplanıb və nə qədərdir?!

Bir daha, bir tək VAZ (LADA) 135,5 min azalıb, amma məsələn, QAZ (“Volqa”) avtomobillərinin sayı 2.64%, “Moskviç” 1.17%, “Zaporojets” 1.56%, “Tofaş” 3.53%, “Daewoo” isə 4.12% azalıb. Hələ mən onların utilizasiyası ilə bağlı məsələləri demirəm, onların tamamını da saysaq, ümumən 3601 ədəd də başqa markalı avtomobillər qeydiyyatdan çıxıb. Bəs onlara niyə utilizasiya sertifikatı verilmir?! Sertifikata inam azdımı? Məbləği aşağıdırmı? Avtomobilləri “ölüxanaya” vermək daha sərfəlidirmi? Elədirsə, utilizasiya proqramı effektiv olmayacaq axı – niyə vətəndaşdan rüsum-vergi kimi toplanan vəsait elə vətəndaşa da qaytarılmır ki?!

Natiq Cəfərli,
iqtisadçı

Bizə qoşulun