Medianews.az
Azərbaycanda vəkil çatışmazlığı – Tədbirlər görülür –
135 baxış

Azərbaycanda vəkil çatışmazlığı – Tədbirlər görülür – AÇIQLAMA

Azərbaycanda 2950 vəkil var. Bu, hər 100 min nəfərə təxminən 29 vəkilin düşməsi deməkdir. Əhalisi 10 milyon 264 min nəfərdən çox olan ölkə üçün 3 minə yaxın vəkil məqbul saydırdmı?

Medianews.az-ın sualını cavablandıran vəkil Vamiq Şükürov deyib ki, Azərbaycanda vəkillərin sayının artırılması son illərdə hüquq sistemində aparılan əsas institusional islahatlardan biridir: “Xüsusilə də ölkə Prezidentinin vəkillik institutunun inkişafı, vətəndaşların hüquqi yardıma əlçatanlığının genişləndirilməsi ilə bağlı müəyyən etdiyi strateji xətt çərçivəsində bu istiqamətdə ciddi addımlar atılıb. Bu siyasətə uyğun olaraq Anar Bağırov Vəkillər Kollegiyasının sədri seçildiyi gündən vəkillərin sayının artırılması, regionlarda vəkillik fəaliyyətinin genişləndirilməsi və peşəyə qəbulun daha sistemli şəkildə təşkil olunması istiqamətində aktiv iş aparır. Əgər əvvəllər Azərbaycanda vəkil sayı olduqca məhdud idisə, son illərdə keçirilən ardıcıl qəbul imtahanları nəticəsində bu rəqəm əhəmiyyətli şəkildə artıb.

Bununla belə, əhalisinin sayı 10 milyondan artıq olan ölkə üçün 3 minə yaxın vəkil yüksək göstərici hesab edilmir. Müqayisə üçün bildirim ki, Türkiyədə hər 450-500 nəfərə bir vəkil düşdüyü halda, Azərbaycanda təxminən hər 3500 nəfərə bir vəkil düşür. Gürcüstanda və bir sıra Avropa ölkələrində də adambaşına düşən vəkil sayı Azərbaycandan qat-qat yüksəkdir”.

V.Şükürov açıqlamasında regionlarda vəkillərin sayı məsələsinə də diqqət çəkib. Bildirib ki, hazırda vəkillərin böyük hissəsi paytaxtda fəaliyyət göstərir: “Regionlarda hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi üçün yeni vəkil qurumlarının yaradılması və gənc hüquqşünasların bölgələrə təşviqi istiqamətində tədbirlərin davam etdirilməsi vacibdir.

Bütün bunlara baxmayaraq, son illərdə vəkillik institutunun inkişafı istiqamətində dinamikanın müsbət olduğu açıq görünür. Vəkillərin sayının artırılması, peşənin nüfuzunun yüksəldilməsi və vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər hüquqi dövlət quruculuğu baxımından mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Azərbaycanda Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər.

Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Ali Məhkəmədə təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir.

Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər:

- dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində;

- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində;

- ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində;

- fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində;

- digər növ hüquqi yardım göstərilməsində.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun