Medianews.az
Azərbaycanda pensiya sistemi:
213 baxış

Azərbaycanda pensiya sistemi: bu dəyişikliklərə ehtiyac var

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda əmək pensiyasına çıxırdı. Həmin vaxtdan yaş həddində tədrici yüksəlmə başladı, 2021-ci il iyulun 1-də kişilərin pensiya yaşı 65-ə çatdı, bu il iyulun 1-dən isə qadınların da pensiya yaşı 65 olur və artım prosesi 2027-ci il iyulun 1-də tamamlanır.

Pensiya yaşında artımın başladığı 2017-ci ilin əvvəlinə ölkədə 1 milyon 315,2 min nəfər pensiyaçı olub. 2026-cı ili əvvəlinə 1 milyon 98,9 min nəfər pensiyaçı qeydə alınıb.

Pensiyanın minimum məbləği 320 manatdır.

Qanuna görə, pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.

Hazırda Azərbaycanın pensiya sistemində hansı yeniliklərə ehtiyac var?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda pensiya sistemi bir neçə dəfə dəyişdirilib və indiki vəziyyəti heç də ürəkaçan deyil: “Hətta bəlkə də sıfırdan yeni qanunvericilik təşəbbüslərinə ehtiyac var. Bir neçə problemli məsələ var ki, onlar həllini tapmalıdır. Bizdə həmişə təqaüd yaşı müzakirə olunur, əslində bu o qədər də vacib məsələ deyil, daha doğrusu, ikinci dərəcəli məsələdir. Əsas məsələ təqaüdlərin həcminin çox az olmasıdır. Biz bu məsələni həll etməliyik. Onun üçün də müxtəlif yollar var.

Birincisi, vətəndaşlara müəyyən mənada pensiya kapitalına çıxış imkanları verilməlidir. Heç olmasa minimum məbləği yığanlara bu şans tanınmalıdır ki, onlar həmin vəsaitlə müəyyən problemlərini həll edə bilsinlər. Məsələn, elə adam var ki, pensiya kapitalında 100 min, 150 min, hətta 200 min manat vəsaiti var, amma digər tərəfdən banka kredit borcu var. Əgər bu, yaşlı insandırsa, tutaq ki, yaşı 50-60-dan yuxarıdırsa, niyə ona öz borcunu bağlamaq imkanı verilməsin? Və yaxud pensiyaçının nəvəsi universitetə qəbul olub, amma ödəniş etməyə vəsait tapmadığı üçün oxuya bilmir. Niyə həmin kapital hesabına universitetə ödəniş etmək mümkün olmasın?

Bax, bu tipli məsələlərin pensiya kapitalı ilə bağlı hissəsində dəyişikliklərə ciddi ehtiyac var. Vətəndaşların öz pensiya kapitalına çıxışı müəyyən mənada təmin edilməlidir. Biz rəsmi şəkildə bir suala cavab tapmalıyıq: yığılan vəsait bizimdirsə, niyə ondan istifadə imkanımız yoxdur? Axı biz bunu sanki bir vergi kimi ödəyirik. Dövlət Sosial Müdafiə Fonduna ödəniş məcburidir, məcburidirsə, deməli, elə vergidir.

Hesab edirəm ki, bu problemlər yaş məsələsi ilə paralel olaraq, yeni qanunvericilik təşəbbüslərində mütləq əksini tapmalıdır".

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun