Azərbaycanda fala və falçılara müraciət edən insanların sayı kifayət qədərdir. Bəziləri şəxsi həyatı, gələcək planları və ya qərarları ilə bağlı bu yola üz tutur. Halbuki falçılığın elmi əsası yoxdur və bu sahədə aldatma halları da istisna edilmir. Belə bir vəziyyətdə gələcəkdə falçılara müraciət edənlər üçün cərimə tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Medianews-a açıqlamasında deyib ki, bu kimi təbliğatlar və fəaliyyətlər adətən cəmiyyətin savadsız və məlumatsız təbəqəsinə yönəlir.
Sosiloqun sözlərinə görə, burada müxtəlif maraqlar – əsasən biznes məqsədləri və insanları təsir altına salmaq niyyəti ön planda olur. İnsanları cəlb etmək, onları müəyyən inanclara yönəltmək kimi məqsədlər güdülür:
“Bir dəfəlik aydın şəkildə başa düşülməlidir ki, fala inanmaq absurddur. Bu sadəcə uydurma bir nağıldır və heç kimə real fayda vermir. Heç bir falın doğruluğunu təsdiqləyən elmi fakt yoxdur. Dini baxımdan da bu, böyük günah sayılır və qəbul olunmur. Sosial cəhətdən artıq bu deqradasiyadır. İnsanlar ciddi və faydalı fəaliyyətlər əvəzinə belə əsassız məşğuliyyətlərə yönəlir və onlara inanırlar. Bu, həm təhsilsizliyin, həm də elmi və dini biliklərin yetərsizliyinin nəticəsidir”.
E.Bayramlı qeyd edib ki, hüquqi tərəfdən də məsələyə diqqət yetirmək vacibdir:
“İnsanları aldatmaqla, fal adı altında pul qazanmaq və ya onları hansısa fəaliyyətə cəlb etmək qanun pozuntusu hesab oluna bilər və buna qarşı tədbirlər görülməlidir. Bəzi ölkələrdə bu cür fəaliyyətlər qadağan edilib və ciddi cəzalar tətbiq olunur. Müasir dövrdə bu fəaliyyətlər sosial şəbəkələr üzərindən daha geniş yayılıb. Əvvəllər real mühitdə həyata keçirilirdisə, indi internet vasitəsilə minlərlə insanı aldatmaq mümkün olur. Bəziləri bunu əyləncə və ya auditoriya toplamaq məqsədilə edir, lakin nəticədə yenə də insanları yanlış istiqamətə yönəldir.
Bu problemin aradan qaldırılması üçün üç əsas istiqamətdə iş aparılmalıdır: təhsilin səviyyəsinin yüksəldilməsi, dini və elmi maarifləndirmənin artırılması və hüquqi nəzarətin gücləndirilməsi. Əks halda, insanların aldadılması davam edəcək və bu, cəmiyyət üçün mənfi nəticələr doğuracaq”.
Oğuz Ayvaz
Medianews.az