Riqa şəhər məhkəməsi Azərbaycan vətəndaşı Əli Xəlilovu “Ukraynaya qarşı müharibədə istifadə üçün Rusiya ordusuna avadanlıq tədarükü” ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə onu başqa bir dövlətin ərazi bütövlüyünü və siyasi müstəqilliyini sarsıtmaq məqsədilə xarici dövlətə yardım göstərmək üçün mütəşəkkil qrupda iştirak etməkdə, habelə Avropa İttifaqının sanksiyalarını pozmaqda təqsirli bilib.
Azadlıqdan məhrumetmə ilə yanaşı, Xəlilov barəsində üç il şərti cəza, eləcə də beş il müddətinə giriş qadağası ilə Latviyadan deportasiya qərarı çıxarılıb.
İstintaqın məlumatına görə, qrup onlarla dəst “Starlink” peyk internetinin, habelə digər hərbi təyinatlı malların alınmasını və Rusiyaya çatdırılmasını təşkil edib. Əməliyyatların ümumi dəyəri təxminən 200 000 avro təşkil edib.
Xəlilov istintaq tərəfindən sxemin əsas təşkilatçısı kimi müəyyən edilib.
Prokurorluq onun üçün maksimum cəza - 12 il müddətinə həbs və sonrakı sınaq müddəti tələb edib. Hökm hələ qanuni qüvvəyə minməyib və şikayət edilə bilər.
Qrupun digər üç iştirakçısının işinə ayrıca məhkəmə prosesi çərçivəsində baxılacaq. Mövcud məlumatlara görə, onlar öz günahlarını etiraf ediblər./Qafqazinfo.az/