Azərbaycanın bir çox media quruluşunda başqa ölkədə ali dövlət vəzifəsi tutan şəxsin adının yazılışında yanlışa yol verilir. Məsələn, “ABŞ Prezidenti”, “ABŞ-nin Vitse-prezidenti”, “Gürcüstanın Baş naziri” yazılır.
Medianews.az bildirir ki, bu, orfoqrafiya normalarının pozulmasıdır.
Nazirlər Kabinetinin 16 aprel 2019-cu ildə təsdiqlədiyi “Azərbaycan dilinin orfoqrafiya normaları”na görə, ali dövlət vəzifələri - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılmalıdır.
Orfoqrafiya normalarında söhbət yalnız Azərbaycanda ali dövlət vəzifəsi tutan şəxslərdən gedir. Yəni “Azərbaycan Respublikasının Prezidenti”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti”, “Azərbaycan Respublikasının Baş naziri” yazanda vəzifə adının birinci hərfinin böyük verilməsi doğrudur, başqa bir ölkədə ali dövlət vəzifəsi tutan şəxs barədə eyni cür davranmaq yox.
“ABŞ prezidenti”, “ABŞ-nin vitse-prezidenti”, “Gürcüstanın baş naziri” yazanda vəzifə adının birinci hərfinin böyük verilməsi yanlışdır.
Toğrul Əli,
Medianews.az