Qazaxıstanda martın 15-də keçiriləsi referenduma çıxarılmış yeni konstitusiyanın mətni açıqlanıb.
Medianews.az xəbər verir ki, layihəyə əsasən, dövlət başçısı - prezident ümumxalq səsverməsində 7 il müddətinə seçilir. Heç kim bir dəfədən artıq dövlət başçısı mandatı ala bilməz. Bu normanın dəyişdirilməsi yasaqlanır.
40 yaşına çatmış, son 15 ildə ölkədə yaşamış, ali təhsilli, dövlət orqanlarında az beş il iş təcrübəsi olan şəxsin prezidentliyə namizədlik hüququ var.
Prezident siyasi partiya üzvü ola bilməz.
Dövlət başçısının yaxın qohumlarının hər hansı dövlət vəzifəsi tutması qadağandır.
Prezident vitse-prezidenti, baş naziri parlamentin (Qurultay) razılığı ilə təyin edir.
Hökumət üzvlərinin təyinatında (xarici işlər, müdafiə və daxili işlər nazirlərindən başqa) baş nazirin təqdimatı əsas götürülür.
Prezident vəfat etdikdə və ya vəzifədən vaxtından getdikdə dövlət başçısının səlahiyyətləri vitse-prezidentə, bu mümkün olmadıqda parlament sədrinə, bu da mümkün olmadıqda baş nazirə keçir.
Qurultay proporsional sistemlə (partiya siyahıları üzrə) 5 il müddətinə seçilən 145 nəfərdən ibarətdir.
Hazırda Qazaxıstan parlamenti iki palatadan - Məclis və Senatdan ibarətdir.
Qazaxıstanda prezident postunu Qasım-Comərd Tokayev tutur.
1953-cü il mayın 17-də doğulan Qasım-Comərd Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib, siyasi elmlər doktorudur.
1975-ci ildən SSRİ Xarici İşlər Nazirliyində, ardınca ölkənin Sinqapurdakı səfirliyində çalışıb, sonra Çindəki səfirlikdə ikinci katib, birinci katib, müşavir postlarını tutub.
1992-ci ildən Qasım-Comərd Tokayev Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci il noyabrın 20-də Qasım-Comərd Tokayev daha bir növbədənkənar seçkidə yenidən prezident mandatı alıb.