Böyük şəhərlərdə mənzil qiymətlərinin yüksək olması alıcıları ipoteka seçimlərinə yönəldir. Hazırda iki əsas ipoteka forması mövcuddur: biri İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə verilən ipoteka, digəri isə Mənzil Tikinti Kooperativlərinin daxili ipotekasıdır. Bəs görəsən, bu iki ipotekadan hansısı həm sərfəli, həm də daha etibarlıdır?

Mövzunu Medianews-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, 2020-ci ildən ölkədə daşınmaz əmlakın stabil qiymət artımı müşahidə olunur. Əsas artım 2022-23-cü illərin sonuna qədər qeydə alınıb və təxminən 17-20 faiz civarında olub. Bu dövrdə bazarda həddən artıq ajiotaj vardı, bu da ipotekaya müraciətlərin sayının artmasına səbəb oldu.
Onun sözlərinə görə, 2024-25-ci illərdə isə qiymətlər nisbətən stabil qaldı və artım təxminən 15 faiz oldu:
“Söhbət Bakı şəhərinin mənzil bazarından gedir. İpotekaya müraciətlərin sayı azalmayıb və hələ də aktivdir. Bu, həm ipoteka ehtiyacı olanları, həm də daşınmaz əmlaka investisiya edən şəxsləri əhatə edir. İpotekadan istifadə edənlərin təxminən yarısı artıq ev sahibi olan şəxslərdir və bu vasitə ilə sektora investisiya edirlər”.
Ekspert qeyd edib ki, Kredit Zəmanət Fondu tərəfindən verilən ipoteka vəsaiti digər ipotekalardan fərqlənir, vətəndaşa ölkənin istənilən yerindən daşınmaz əmlak almağa imkan verir, yəni seçim sərbəstdir:
“Köhnə yaşayış fondu 1970-ci ildən sonra inşa edilən binalara, fərdi evlər isə 2000-ci ildən sonra tikilən evlərə şamil olunur. Yeni tikililər isə sınaqdan keçmiş və çıxarışları olan binalardır və ipoteka üçün uyğundur. Tikinti şirkətlərinin təklif etdiyi mənzillərin sayı məhduddur. Hal-hazırda Bakı və Abşeron ərazisində uzunmüddətli ipoteka ilə mənzil təklif edən şirkətlərin sayı 5-10 civarındadır. Bu mənzillər bəzən təmirli şəkildə satılır və qiymətləri bazardakı alternativlərdən 5-10 faiz yüksək olur. Əksinə, sərbəst bazarda təklif olunan təmirli mənzillərin sayı kifayət qədər çoxdur və bəzilərinin təmiri aşınıb, buna görə onların qiyməti daha əlverişlidir. Tikinti şirkətləri tərəfindən təklif olunan binalar isə adətən yeni təmir olunur, amma qiymətləri bazar qiymətindən yüksək olur”.
Oğuz Ayvaz
Medianews.az