Medianews.az
Azərbaycan parlamentlərarası münasibətləri niyə dayandırır? –
109 baxış

Azərbaycan parlamentlərarası münasibətləri niyə dayandırır? – Avronestdə Azərbaycan heyətinin rəhbəri DANIŞDI

Deputat Tahir Mirkişili Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştiraka son qoyulması, Avronestdə üzvlüyə xitam verilməsi üçün prosedur qaydalarının icrasına başlanması haqda qərarını şərh edib.

T.Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

O, Medianews.az-a açıqlamasında bildirib ki, Milli Məclis sözügedən qərarı Avropa Parlamentinin Azərbaycana qarşı destruktiv fəaliyyətinə cavab olaraq qəbul edib.

“Bu qərarın qəbul olunmasına Avropa Parlamentinin destruktiv fəaliyyəti və ya fəaliyyətsizliyi səbəb olub” deyən T.Mirkişili aşağıdakıları sadalayıb:

- Avropa Parlamenti beynəlxalq hüquq və ədalət prinsiplərindən uzaqlaşaraq Azərbaycana qarşı uzun müddətdir ki, qərəzli və destruktiv mövqe sərgiləyib.

- Ermənistanın işğalı dövründə baş verən hadisələrə, qaçqın və məcburi köçkünlərin hüquqlarına laqeyd yanaşıb.

- Azərbaycan–Aİ parlament əməkdaşlıq platformaları siyasi təzyiq və müdaxilə alətinə çevrilib.

- 44 günlük müharibədən sonra və xüsusilə COP29 ərəfəsində Azərbaycana qarşı kampaniyaları və qərəzli qətnamələrin sayını artırıb.

- Bu fəaliyyətlər regionda sülh və sabitliyə maneə yaradır, revizionist qüvvələri təşviq edir.

"Biz Milli Məclis olaraq dəfələrlə Avropa Parlamentini bu destruktiv mövqədən əl çəkməyə çağırsaq da, heç bir nəticə əldə olunmayıb" deyən T.Mirkişili vurğulayıb ki, mahiyyət etibarilə Milli Məclisin qərarı Avropa Parlamenti ilə parlamentlərarası münasibətlərin tam dondurulmasını və əməkdaşlıq mexanizmlərindən çıxışı nəzərdə tutur: “Ümid edirik ki, Avropa Parlamenti nə zamansa konstruktiv yanaşmanın və beynəlxalq dəyərlərin hökm sürdüyü bir məkana çevriləcək”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun