Medianews.az
“Azərbaycan futbolu eyni labirintdə fırlanır” -
1,989 baxış

“Azərbaycan futbolu eyni labirintdə fırlanır” - İdman icmalçısı

“Azərbaycan futbolu uzun illərdir eyni labirintdə fırlanır. Hər dəfə çıxış yolu kimi yanlış seçimlər təqdim olunur”. İdman icmalçısı Rasim Mövsümzadə Medianews.az-a açıqlamasında belə deyib.

Ekspert qeyd edib ki, Azərbaycan milli komandasına baş məşqçi təyin olunması böyük səhv olan Fernandu Santuşun vəzifəsindən çıxarılması ilə də ölkə futbolunun problemləri həll olunmayacaq: “İndiki vəziyyətdə əcnəbilərə milyonlar xərclənilməsin deyə komandanın yerli məşqçilərdən birinə həvalə edilməsi ilə bağlı saysız çıxışlara, yazılara, bir sözlə, ictimai tələblərə əhəmiyyət verməyən AFFA-nın məqsədi nədir?

Bir müvəqqəti icraçını da nəzərə alsaq, son 21 ildə milli komandanın 7 əcnəbi məşqçisi olub və heç biri uğurlu nəticə qazana bilməyib. Halbuki onlara xərclənən milyonları ölkə futbolunun problemlərinin həllinə yönəltmək olardı.

Problemlər isə saysız-hesabsızdır. Futbolu bilənlərin yaxına buraxılmaması və şəffaflığın olmaması, bir çox klubun yalnız dövlət dəstəyi ilə fəaliyyət göstərməsi, zəif infrastruktur və təbii ot örtüklü meydanların azlığı, keyfiyyətli məşqçi və texniki heyət çatışmazlığı, uşaq və gənclər futbolunun inkişaf etməməsi və orada çalışan məşqçilərin qəpik-quruş qazanması...

Bu vəziyyətdən çıxış üçün sistemli islahatlara və şəffaf idarəetməyə ehtiyac var. Əks halda Azərbaycan futbolu “Qarabağ”ın uğurlarının kölgəsində gizlənməyə davam edəcək”.

AFFA milli komandanın baş məşqçisi Fernandu Santuşu sentyabrın 8-də istefaya göndərib. 2024-cü il iyunun 12-də milli komandanın baş məşqçisi təyin olunmuş portuqaliyalının rəhbərliyi altında 11 oyunda bir qələbə də qazanılmayıb, yığma UEFA Millətlər Liqasında D liqasına yuvarlanıb.

Milli komanda FİFA reytinqində 210 yığma arasında 122-ci yerdədir.

Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası 8 Avropa çempionatının, 7 dünya çempionatının seçmə mərhələsində ələnib.

Milli 1 dəfə UEFA Millətlər Liqasının D liqasında, 3 dəfə C liqasında qrup mərhələsini aşa bilməyib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun