Medianews.az
Avropanın ən isti mayı -
47 baxış

Avropanın ən isti mayı - Ölənlər var

Avropada müşahidə olunan güclü isti hava dalğası bir sıra ölkələrdə tarixi temperatur rekordlarının yenilənməsinə səbəb olub.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “İstilik günbəzi” adlandırılan yüksək təzyiq sistemi nəticəsində havanın temperaturu mövsümi normalardan 10-15 dərəcə yüksək qeydə alınıb.

Böyük Britaniyada Londonun Kyu bağlarında termometrlər 35,1 dərəcə göstərərək, ölkənin may ayı üzrə yeni rekordunu müəyyənləşdirib. Bununla da bir gün əvvəl qeydə alınmış 34,8 dərəcəlik göstərici də geridə qalıb. Əvvəlki rekord isə 1922 və 1944-cü illərdə ölçülən 32,8 dərəcə idi.

İrlandiyada da temperatur 28,8 dərəcəyə yüksələrək, may ayı üzrə yeni rekord qeydə alınıb.

İsti hava yalnız gündüz saatlarında deyil, gecələr də təsirini göstərib. İngiltərənin cənub-qərbində yerləşən Kamborn şəhərində gecə temperaturu 21,4 dərəcədən aşağı düşməyib. Meteoroloqlar bunu “tropik gecə” kimi qiymətləndirirlər.

Fransada isə temperatur bəzi bölgələrdə 36 dərəcəyə çatıb. Ölkə rəsmiləri həddindən artıq istilərlə əlaqədar birbaşa və ya dolayı səbəblərdən yeddi nəfərin həyatını itirdiyini açıqlayıblar.

Meteoroloqlar yaxın günlərdə temperaturun mövsümi normalardan 5-10 dərəcə yüksək qalacağını, gələn həftədən etibarən isə tədricən enəcəyini bildirirlər.

Avropa rekord istilərlə mübarizə apararkən, Avstraliyanın şərq və cənub-şərq bölgələrində güclü fırtına, leysan yağışları və daşqın təhlükəsi hökm sürür.

Kvinslend ştatında cəmi 30 dəqiqə ərzində hər kvadratmetrə 50 millimetr yağış düşüb. Yeni Cənubi Uelsdə isə küləyin sürəti saatda 104 kilometrə çatıb.

Səlahiyyətli qurumlar əhaliyə dağıdıcı küləklər, güclü dolu və qəfil daşqınlar barədə xəbərdarlıq edib. Bəzi ərazilərdə yağıntının həcminin 100 millimetrə qədər yüksələ biləcəyi bildirilir.

Bizə qoşulun