C, K vitaminləri, kalium və polifenollarla zəngin olan gavalı qan şəkərinin tənzimlənməsində və damar sağlığının qorunmasında mühüm rol oynayır.
Medianews.az xəbər verir ki, "Egeszseg Kalauz" nəşrinin yaydığı məlumata görə, bu meyvənin tərkibindəki liflər şəkərin sorulmasını ləngidir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, diabet xəstələri bu meyvəni məhdudiyyətsiz yox, normada istehlak etməlidirlər.
Gavalının qlisemik indeksi kifayət qədər aşağıdır. Tərkibindəki antioksidantlar xroniki ürək-damar xəstəliklərinə yol açan oksidləşdirici stresi azaldır, bitki birləşmələri isə insulin həssaslığını artırır. Kalium maddəsi isə arterial təzyiqi normada saxlamağa kömək edir.
Bir çox insan karbohidratlı yeməklərdən sonra yorğunluq və yuxululuq hiss edir ki, bunun da səbəbi qan şəkərinin qəfil yüksəlib-düşməsidir. Şirniyyat əvəzinə liflə zəngin gavalının seçilməsi bu dalğalanmanın qarşısını alır və günorta enerjisini balanslaşdırır.
Ekspertlər gavalını təzə halda, xüsusən də karbohidratın sorulmasını daha da ləngitmək üçün çərəzlər və ya təbii yoqurtla birlikdə yeməyi tövsiyə edirlər. Quru gavalı da faydalıdır, lakin onun tərkibində su az olduğu üçün eyni miqdarda daha çox şəkər və kalori saxlayır. Diabet zamanı meyvələrdən tam imtina etmək yox, sadəcə porsiyanı düzgün tənzimləmək vacibdir.
Medianews.az