Ukraynada hökumət yenilənir.
Medianews.az bildirir ki, 2025-ci il iyulun 17-dən baş nazirlik edən Yuliya Sviridenko ötən bazar istefa verib, bu məsələ parlamentin – Ali Radanın 14 iyul iclasında rəsmiləşməlidir.
Ölkə konstitusiyasına görə, hökuməti parlament formalaşdırır. Baş nazirin, xarici işlər və müdafiə nazirlərinin namizədliyini prezident, qalan hökumət üzvlərinin namizədliyini baş nazir verir.
Baş nazir postuna Sergey Koretskinin gətirilməsi gözlənir.

1978-ci il təvəllüdlü Sergey Koretski Lutsk Dövlət Texniki Universitetində əvvəl avtomobil və avtomobil təsərrüfatı, sonra iqtisadiyyat üzrə ali təhsil alıb, həmçinin İvano-Frankovsk Milli Texniki Universitetində neft və qaz hasilatı ixtisasına yiyələnib.
1997-2018-ci illərdə “Kontinium” yanacaq holdinqində məsul vəzifələr tutub, o cümlədən baş direktor olub. 2018-ci ildən müxtəlif biznes layihələrinə rəhbərlik edən Sergey Koretski 2022-ci ildə “Ukrnafta” və “Ukrtatnafta” müəssisələrinin direktoru, 2025-ci ildə “Naftoqaz” şirkətinin rəhbəri seçilib.
Altıncı ildir Ukraynada seçki keçirmək mümkün olmur.
2019-cu ildə prezident seçkisinin ilk turu martın 31-də olub, ikinci turda – aprelin 21-də Vladimir Zelenski qalib gəlib, iyulun 21-də isə Ali Rada seçilib. Yerli seçkilər 2020-ci il oktyabrın 25-nə düşüb.
2023-cü il oktyabrın 29-da keçirilməli olan parlament seçkisi, 2024-cü il martın 31-də keçirilməli olan prezident seçkisi və 2025-ci il oktyabrın 26-da keçirilməli olan yerli seçkilər təxirə salınıb.
Ali Radada Vladimir Zelenskiyə bağlı Xalq Xidmətçisi Partiyası və müttəfiqləri çoxluqdadır.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Toğrul Əli,
Medianews.az