Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, ittifaqa üzv ölkələrin xarici işlər nazirləri SEPAH-ı terror təşkilatı kimi tanımaqla qətiyyətli addım atıblar.
Nazirlərin İrana qarşı qəbul etdikləri yeni sanksiyalar paketi bu ölkədəki etirazların zorakılıqla yatırılmasında iştirak edən 20 şəxs və quruma qarşı yönəlib. Həmin şəxslərin arasında daxili işlər naziri Eskandar Momeni, baş prokuror Məhəmməd Movahhedi-Əsəd və təhlükəsizlik polisinin rəhbəri Seyyed Məcid Feyz Cəfəri də var.
Yeni qərara əsasən, Avropa İttifaqı vətəndaşlarına və şirkətlərinə bu şəxslərə maliyyə vəsaiti təqdim etmək qadağan olunur. Həmçinin sanksiyaya məruz qalan şəxslərin Avropa İttifaqına girişi qadağan edilib. Bundan əlavə, Avropa İttifaqından İrana ixracı qadağan edilən malların siyahısının genişləndirilməsi nəzərdə tutulur.
SEPAH 1979-cu ilin islam inqilabından sonra yaradılıb. Ölkədə böyük nüfuza malik olan bu qurum iqtisadiyyatın və silahlı qüvvələrin geniş sahələrinə, eləcə də İranın raket və nüvə proqramlarına nəzarət edir.

Politoloq Şahin Cəfərli məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, SEPAH-ı terrorçu adlandırmaq İrandakı rejimin özünü terrorçu elan etməyə bərabər bir addımdır.
Şahin Cəfərlinin fikrincə, bu qərar onu göstərir ki, Avropa İttifaqı İrandakı rejimin duruş gətirəcəyinə inanmır, rejimin çökəcəyini gözləyir.