Robert Kox İnstitutunun məlumatına görə, Almaniyada kişilərin 49 faizi, qadınların isə 43 faizi müəyyən yaş dövründə xərçəng xəstəliyinə tutulur. Təxminən hər altıncı qadın və hər yeddinci kişi bu xəstəliyə 65 yaşına çatmamış mübtəla olur.
2023-cü ildə Almaniyada 517.800 yeni xərçəng halı qeydə alınıb. Onların 276.400-ü kişilərdə, 241.400-ü qadınlarda aşkar edilib.
Ən çox rast gəlinən xərçəng növləri prostat, süd vəzi, ağciyər və yoğun-düz bağırsaq xərçəngləridir. Bu dörd növ bütün xəstəlik hallarının demək olar ki, yarısını təşkil edir.
Orta xəstələnmə yaşı 69-dur, lakin bəzi xərçəng növləri, məsələn, xaya xərçəngi, daha gənc insanlarda da müşahidə olunur.
Kişilərə ən çox prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi diaqnozu qoyulur.
Hər iki cins üçün ikinci yerdə ağciyər və bağırsaq xərçəngləri gəlir.
Ağciyər, bağırsaq, mədəaltı vəzi və süd vəzinin bədxassəli şişləri xərçənglə bağlı ölüm hallarının təxminən yarısına səbəb olur.
2023-cü ildə Almaniyada 229.000 nəfər xərçəngdən vəfat edib. Yaşlanmanın təsiri nəzərə alınmadan hesablandıqda, son 25 ildə xərçəngdən ölüm göstəriciləri kişilərdə 31 faiz, qadınlarda 21 faiz azalıb.
Sarvan Səmədoğlu,
Almaniya