Almaniyanın polis əməkdaşları sentyabrın 10-u səhər tezdən çilingər xidməti vasitəsilə Vuppertal-Barmendəki çoxmənzilli binaya daxil olublar. Onların məqsədi bir azərbaycanlının mənzilinə girmək olub. 40 yaşlı həmin şəxsin şərikləri ilə birlikdə ən azı 87 nəfəri qaçaqmalçılıq yolu ilə karvan avtomaşınlarında Almaniyaya gətirdiyi iddia edilir.
Səhər saat 6 radələrində Melanchthon küçəsindəki (Şimali Reyn-Vestfaliya) binanın giriş qapısı açıldıqdan sonra Zankt Auqustindən gələn Federal Polisin Mobil Nəzarət və Müşahidə dəstəsi mənzilin mansardına daxil olaraq şübhəli qaçaqçıya qarşı əməliyyat keçirib və onu həbs edib.

Bundan sonra təqsirləndirilənin mənzilində və avtomobilində axtarış aparılıb. İş üzrə istintaqı Görlitz prokurorluğunun tapşırığı ilə Ebersbax (Saksoniya) Federal Polis İnspeksiyası aparır.
Azərbaycanlının başçılıq etdiyi dəstənin 2024-cü ilin avqust və sentyabr aylarında altı dəfə “üçüncü ölkə vətəndaşlarını Xorvatiyadan Almaniyaya, həmçinin İtaliyaya” qaçaqmalçılıq yolu ilə gətirdiyi bildirilir. Ona qarşı irəli sürülən ittihama əsasən, azərbaycanlı Almaniyada qaçaqmalçılıq səfərləri üçün karvan avtomaşınlarını icarəyə götürüb və sürücüləri cəlb edib. Daha sonra həmin sürücülər ödəniş müqabilində miqrantların daşınmasını həyata keçiriblər.
Hər səfərdə təxminən 10-23 nəfər insan daşınıb. Onlar avtomaşınlarda gizlədilib, maşından çıxmalarına icazə verilməyib. Polis hesabatına görə, qanunsuz miqrantlar “öz ehtiyaclarını avtomobilin içində ödəməyə məcbur olublar və uzun saatlar ərzində təhlükəsiz şərait olmadan səfər ediblər. Aralarında qadınlar və uşaqlar da olub”.

Qaçaqçılar 2024-cü ilin yayında Saksoniya istintaqçılarının diqqət mərkəzinə düşüblər. Ebersbax Federal Polis İnspeksiyasının sözçüsü Alfred Klaner mediaya açıqlamasında deyib: “Çexiya polisi sərhədi keçməmişdən əvvəl miqrantlarla dolu bir qaçaqmalçılıq maşınını dayandıra və sürücünü həbs edə bilib”.
Klaner əlavə edib: “Bunun ardınca aparılan istintaq nəticəsində bu gün həbs edilən təşkilatçıya qarşı daha bir sıra qaçaqmalçılıq halları ortaya çıxıb”.
Klnaerin sözlərinə görə, Almaniya-Çexiya sərhədini keçən iki səfər olub və həmin səfərlərdə gətirilən miqrantlar Bautsen ərazisində düşürülüblər.
Sentyabrın 10-da keçirilən əməliyyatda polis əməkdaşları bir neçə mobil telefon da daxil olmaqla sübutlar götürüblər. Təqsirləndirilən şəxs Vuppertal Rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Sarvan Səmədoğlu,
Almaniya