Medianews.az
“Aktrisa üz-gözünü bağlayıb taksi sürür ki, onu tanımasınlar, bilirsiniz ki, mən yalan danışmaram” -
217 baxış

“Aktrisa üz-gözünü bağlayıb taksi sürür ki, onu tanımasınlar, bilirsiniz ki, mən yalan danışmaram” - Afaq Bəşirqızından ÖZƏL AÇIQLAMALAR - FOTO

“Aktyor həmişə öz çəkisini saxlamalıdır, tamaşaçı onu hər yerdə görməməlidir, onun xasiyyətini, yaşayış tərzini, çətinliyini bilməməlidir. Aktyor bir sözlə tamaşaçı gözündə adiləşməməlidir. Lakin zəmanə bunu demir. Biz həqiqətən də zəmanənin pis keçidinə düşdük. İllaki də gənclər. Gənclər üçün əlimizdən gələni etməliyik. Lakin bu təkcə sənin, mənim fikişləşməyimlə deyil ki. Bu acgözlük, bu korrupsiya, halal mala haram qatmaq 99 faiz bizdə var. İstər rəhbər vəzifələr olsun, istərsə də köməkçi vəzifələr. İnsan taleyini həll edən vəzifə sahiblərində bu sadaladıqlarım var. Çox nadir adamlar var ki, onlar həqiqətən də gördükləri işi dərk edirlər, o məsuliyyəti hiss edirlər”.

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı deyib.

O, daha sonra sənətçilərin məcburiyyətdən başqa işlərdə çalışdığını bildirib:

“Mən artıq bilmirəm ki, hansı tərəfi günahkar görüm?! Aktyor gedib klounluq edir, aktrisa taksi sürür. Təsəvvür edirsiniz, aktrisa üz gözünü bağlayır ki, onu tanımasınlar və taksi sifarişi olan şirkətdə çalışır. Siz bilirsiniz ki, mən dünyasında yalan danışmaram. O adam məndən elə də uzaqda deyil. Demək olar ki, o aktrisanı iki gündən bir, bir gündən bir görürəm. Nəyi demək istəyirəm?  Vəziyyətin həqiqətən də nə qədər ciddi olduğunu başa salmaq istəyirəm. Cənab prezidentin incəsənətə göstərdiyi qayğı, o doğmalığı heç bir ölkənin prezidenti edə bilməz. Bu ona Ulu Öndər Heydər Əliyevdən miras qalıb. Heydər Əliyev eşidəndə ki, Rus Dram Teatrının aparıcı aktrisası metronun qarşısında yolçuluq edir, o dəqiqə aktyorlar üçün xüsusi təqaüd və mükafat təsis etdi. Bunu da cənab prezidentimiz davam etdirir və ildən-ilə o məvacibləri artırır. Amma bu mükafatı hər aktyor və aktrisa ala bilməz. Bu mükafatı günü bu gün də ona görə kassaya gələn, teatrın inkişafında böyük xidmətləri olan sənətkarlar alırlar. Düzdür, onların içində layiq olmayanlar da var. Xala-bibi, dayı-əmi bizdə hər yerdə işləyir, işləyəcək də. Özü də incəsənət aləmində bunun lap dəhşətlisini görürük. Məncə teatrda işləyən, fəxri adları olmayan amma yükləri çox olan istedadlı aktyorlara güzəşt etmək lazımdır. Necə? Deyim də. Bizdə kateqoriyalar var. O yüksək kateqoriyaları bir kateqoriya azaldıb bu aktyorlara dolanışıqları üçün vermək olar. Amma onu da qeyd edim ki, bütün teatrlar akademik status daşımır. Bu maaşlar ancaq akademik teatrlardadır. Yenə də sağ olsun cənab prezident ki, o birdən-birə 3-4 teatr müəssisəsini, hətta filarmoniyanı belə akademik etdi. Bizdə Milli Gənc Tamaşaçılar Teatrı ilə bərabər Dövlət Kukla Teatrı da var. Kukla Teatrı Milli Gənc Tamaşaçılar Teatrının, Akademik  Milli Dram Teatrının, Musiqili Teatrın bünövrəsini qoyan bir teatrdır, yaradıcılıq ocağıdır. Bu teatrın özünün də artıq titul qazanmaq, kateqoriyasını qaldırmağın vaxtıdır. Ümid edirik ki, adıçəkilən teatr da tezliklə həmin teatrların cərgəsində olacaq”. 

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun