Medianews.az
“Ayrılanda cer-cehizini də özü ilə apardı... Halal malımızın heç olmasa yarısını bizə qaytarın” – <span style=color:red>Xalq yazıçısı Anar
269 baxış

“Ayrılanda cer-cehizini də özü ilə apardı... Halal malımızın heç olmasa yarısını bizə qaytarın” – Xalq yazıçısı Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar “AStar TV”nin rəhbəri Ülvira Qarayevaya müsahibəsində xalq yazıçısı Afaq Məsuddan da danışıb. Medianews.az-ın məlumatına görə, xalq yazıçısı Anar deyib ki, vaxtilə onun təşəbbüsü ilə 1980-ci illərin sonlarında Yazıçılar Birliyinin nəzdində Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaradılıb və dilçi, türkoloq, tənqidçi Aydın Məmmədov mərkəzin sədri təyin olunub: “Başladılar gözəl işləməyə. Sonra Afaq xanım gəldi ki, televiziyada mənimlə yola getmirlər, orada işləyə bilmirəm. Dedim ki, mən səni Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində işə götürərəm. Beləliklə, Afaq Məsudu mərkəzdə sədr müavini təyin etdik”. Daha sonra Anar bildirib ki, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi xeyli müddət dövlət büdcəsindən maliyyələşməyib: “Yazıçılar Birliyi və birliyin qəzet-jurnallarını Ulu öndər Heydər Əliyev dövlət büdcəsinə salmışdı. Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzini isə mənim xahişimlə Prezident İlham Əliyev dövlət büdcəsinə daxil etdi. Sonra nədirsə mərkəzin sədri Afaq xanım (Aydın Məmmədov 1991-ci ildə dünyasını dəyişib, bundan sonra mərkəzə Afaq Məsud rəhbərlik edib – red.) Yazıçılar Birliyi ilə işləmək istəmədi. Öz işidir, mənim bir sözüm yox. Ona kömək etdilər, - kim kömək etdi, onu da bilirəm, - bunlar mərkəzi Yazıçılar Birliyindən ayırdılar. Ayrılanda cer-cehizini də özü ilə apardı. O büdcəni ki, biz almışdıq, getdi həmin büdcə ilə özü üçün müstəqil bir şey yaratdı (2012-ci ildə yaradılmış Azərbaycan Dövlət Tərcümə Mərkəzi nəzərdə tutulur – red). İndi oranı ləğv ediblər. Bilmirəm, işçiləri də pərən-pərən olub, dağılıblar (Azərbaycan Dövlət Tərcümə Mərkəzi 2024-cü ilin sonlarında ləğv olunub – red.). Deyirəm o büdcənin, - böyük büdcədir yeri gəlmişkən, - bizim halal malımızın heç olmasa yarısını bizə qaytarın, onunla Yazıçılar Birliyinin birinci mərtəbəsini, hazırda kirayə verdiyimiz hissəni icarəyə verməyi dayandıraq, oranı ədəbiyyat ocağına, ədəbi görüşlərin keçirildiyi, muzey, kitabxana, qiraətxananın olduğu bir məkana çevirək”. Nailə Qasımova, Medianews.az    

Bizə qoşulun