Yekaterinburq şəhərinin adı bir neçə gündür Azərbaycan mediasından düşmür. Səbəb bu şəhərdə Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməlləri həyata keçirməsidir.
Medianews.az bildirir ki, Yekaterinburq həm Rusiyanın Ural Federal Dairəsinin, həm də bu dairəyə daxil olan Sverdlovsk vilayətinin mərkəzi şəhəridir.
Ural dağlarının cənub tərəfində, İset çayının sağ və sol sahillərində salınmış bu şəhərin yerləşdiyi ərazini yerli türklər əsasən Çubarqala (hərfi tərcüməsi: Alaca qala, Əlvan qala) adlandırırlar.
Yekaterinburq Rusiyada şəhər statusunu 1781-ci ildə rus imperatriçası II Yelizavetanın fərmanı ilə alıb. Şəhərə imperatriça Birinci Yekaterinanın adı verilib.

XIX sonu XX əsrin əvvəllərində Uralda inqilabi hərəkatın mərkəzlərindən olmuş şəhər sovet dövründə - 1924-1991-ci illərdə Sverdlovsk adlandırılıb.
Avropa və Asiya arasındakı sərhəddə yerləşən şəhər həm Avropa, həm də Asiya hissələrini birləşdirən coğrafi nöqtəyə düşdüyündən Rusiya Federasiyasının mərkəzi hissəsinə yaxındır.
Qərb və Şərq arasında ticarət əlaqələri, Trans-Sibir dəmir yolu xəttinin üzərində yerləşməsi, mədən, metal emalı və texnologiya sahələrində güclü sənaye bazasına malik olması baxımından mühüm şəhər sayılır. İqtisadiyyatının həcminə görə Yekaterinburq Moskva və Sankt-Peterburqdan sonra Rusiyanın üçüncü şəhəridir. Yekaterinburq Rusiyanın ən iri ticarət, maliyyə, turizm, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-logistik mərkəzlərindən biridir.
Yekaterinburqa bəzən "Uralın paytaxtı" da deyirlər.

Birbaşa hava xətti üzrə götürəndə Yekaterinburq Azərbaycan paytaxtı Bakıdan 1600-2000 kilometr uzaqlıqda yerləşir.
Yekaterinburqun 1 milyon 550 min nəfərə yaxın əhalisi var. Onların əksəri - 90 faizi ruslardır. 4 faizə yaxını tatarlar, 1 faizdən bir qədər çox hissəsi ukraynalılar, 1 faizə qədəri başqırdlardır. 2011-ci ilin siyahıyaalınmasında azərbaycanlıların sayı 6 min 381 nəfər göstərilib.
Toğrul Əli,
Medianews.az