Medianews.az
Mask Trampın layihəsini <span style=color:red>“İyrənc bir vəhşilik” adlandırdı
121 baxış

Mask Trampın layihəsini “İyrənc bir vəhşilik” adlandırdı

Texnologiya milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın planlaşdırdığı bir qanuna qarşı çıxıb. Bir neçə gün əvvələ qədər hökumətə məsləhətçi olan Mask Trampın təklif etdiyi vergi və xərclərlə bağlı qanun layihəsini “iyrənc bir vəhşilik” adlandırıb. O özünün “X” adlı onlayn platformasında planların artıq “nəhəng” olan büdcə kəsiri və dövlət borcunu daha da artıracağını yazaraq tənqid edib. Trampın sözçüsü isə bildirib: “Prezident artıq İlon Maskın bu qanun barədə nə düşündüyünü bilir.” Amma Tramp bu qanun layihəsinə sadiq qalır. Daha çox borc, daha çox vergi güzəştləri Trampın “böyük və gözəl qanun” adlandırdığı layihə may ayında Konqresin Nümayəndələr Palatasından cüzi fərqlə keçib. Amma Senatda Trampın Respublikaçılar Partiyasından olan bir neçə üzv bu qanuna qarşı çıxır. Onlar borc limitinin artırılmasına qarşıdırlar və daha ciddi xərclərin azaldılmasını tələb edirlər. Konqresin iki partiyalı büdcə ofisinin hesablamasına görə, bu tədbir ABŞ hökumətinin borcunu 3,8 trilyon dollar artıracaq. Bu paket çərçivəsində Trampın birinci prezidentlik dövründə tətbiq etdiyi vergi güzəştlərinin daimi edilməsi planlaşdırılır. Bu isə sosial təminatlar sahəsində kəsintilərlə maliyyələşdirilməlidir – bu da demokratların sərt etirazına səbəb olur. Mask bu tənqidində demokrat senator Bernie Sandersdən də dəstək alıb: “Mask haqlıdır”, – deyə Sanders də “X” platformasında yazıb. Sanders qeyd edib ki, ən zəngin amerikalılar 664 milyard dollarlıq vergi güzəşti alarkən, ehtiyacı olan insanların ərzaq təminatında 290 milyard dollar kəsiləcək. Trampın müşaviri vəzifəsindən ayrılıb Mask ötən həftə Tramp tərəfindən yaradılan Dövlət Effektivliyi İdarəsinin rəhbəri vəzifəsindən rəsmi şəkildə ayrılıb. Seçki kampaniyası zamanı isə sahibkarın Trampın komandasına 250 milyon dollardan çox ianə verdiyi bildirilir. Sarvan Səmədoğlu

Bizə qoşulun