Türkiyəli açıq su üzgüçüsü Aysu Türkoğlu, “Oceans Seven” seriyasının ən çətin mərhələlərindən biri olan Havaydakı Kaiwi Kanalını 21 saat 7 dəqiqəyə keçərək bu uğura imza atan ən gənc türk idmançısı olub.
Medianews.az xəbər verir ki, 23 yaşlı Aysu daha əvvəl seriyanın İngiltərə–Fransa arasındakı La-Manş boğazı, Şimali İrlandiya–Şotlandiya arasındakı Şimal Kanalı və Yeni Zelandiyadakı Kuk Boğazı keçidlərini də tamamlayıb.
Bu keçidlərlə o, "Oceans Seven" seriyasının 5 mərhələsini bitirərək Ginnes Rekorduna doğru irəliləyir.Aysu Türkoğlu dünən Türkiyə vaxtı ilə saat 17:30-da Kaiwi Kanalına daxil olub və 65 kilometrlik məsafəni tamamlayıb. Keçid boyunca sosial mediada canlı yayımla izlənilən Aysu, Türkiyə bayrağını qaldıraraq sahilə çatıb və ailəsinin təbrikləri ilə qarşılanıb.
Kaiwi Kanalı dəyişkən su temperaturu, güclü axınlar, meduzalar və köpəkbalıqları ilə dünyanın ən təhlükəli açıq su üzgüçülük marşrutlarından biri sayılır.

Aysu Türkoğlu Kimdir?
Aysu Türkoğlu 2001-ci ildə Bodrumda doğulub. Ege Universiteti İdman Elmləri Fakültəsini bitirib. 7 yaşından üzgüçülüklə məşğul olur, 14 yaşından isə açıq suda üzür. İlk beynəlxalq uğurunu 6 km məsafədə Aquamasters yarışında birinciliklə əldə edib.
2022-ci ildə La-Manş boğazını 16 saat 28 dəqiqəyə keçərək bu uğura imza atan ən gənc türk idmançısı olub. 2023-cü ildə Şimal Kanalını, 2024-cü ildə isə Kuk Boğazını keçən ilk türk qadın idmançı kimi tarixə düşüb.
Medianews.az
