Bakıda demək olar ki, hər yağışdan sonra eyni küçə və yollar su altında qalır.
Bu vəziyyət sual doğurur. Problemin səbəbi infrastrukturdakı texniki çatışmazlıqlardır, yoxsa idarəetmədəki sistemsizlik?
Nəqliyyat eksperti İlqar Hüseynli "Ajans.az"a söyləyib ki, bu problemlərin köklü səbəbləri var:
''Əsas nüans odur ki, Bakıda sovet dövründə qurulmuş kanalizasiya sistemləri günümüzdə o qədər yüklənib ki, vətəndaşların sayı həddən artıq artıb və binaların tikintisi parakəndə hesablanmamış şəkildə həyata keçirilib. Nəticədə, paytaxta əlavə yağış sularını ötürməyə imkan vermir''.
Ekspert vurğulayıb ki, yağış suları kanalizasiya sistemindən ayrılmalı və drenaş sistemləri tətbiq olunmalıdır:
''Bakı şəhərinin sistemli şəkildə qurulmasında böyük səhvlərə yol verilib. .Şəhərin baş planı sıradan çıxarılıb və su ötürücü sistemlər yararsız hala gətirilib. Bu səbəbdən müxtəlif çıxış yolları tapmaq lazımdır. Məsələn, riskli yerlərdə xüsusilə Dərnəgül, Ziya Bünyadov və Heydər Əliyev prospektlərində yeni drenaş sistemləri və nasoslar qurulmalıdır.
Bununla yanaşı, şəhər təsərrüfatı səmərəli idarə olunmur, dövlətin vəsaitləri korrupsiya layihələrinin qurbanına çevrilir. Nəticədə, bu mənzərəni hər yağış və qar yağanda görməli oluruq''.