Medianews.az
Ərzaq qıtlığı? Devalvasiya? - <span style=color:red>Manatla bağlı qərara ehtiyac yarana bilər
252 baxış

Ərzaq qıtlığı? Devalvasiya? - Manatla bağlı qərara ehtiyac yarana bilər

Dünya birjalarında neft ucuzlaşır. Aprelin 1-də qiyməti 78,29 dollar olan Azərbaycan neftinin bir barreli ayın 9-da artıq 67.65 dollardır. Bu, bir həftə ərzində 10,64 dollar ucuzlaşma deməkdir. Eyni zamanda Azərbaycanın 2025-ci il büdcəsində nəzərdə tutulan qiymətdən (70 dollar) aşağıdır. Dünya bazarında neftin qiyməti aprelin 4-dən düşür. Bu enmə aprelin 3-dən ABŞ-ın ticarət tərəfdaşlarının mütləq əksəriyyətinə azı 10 faiz gömrük rüsumu tətbiq etməsinin nəticəsi kimi qiymətləndirilir. ABŞ-ın ticarət tərəfdaşları ilə “tarif müharibəsi”, neftin ucuzlaşması Azərbaycanda hansı sosial-iqtisadi problemlərə gətirib çıxara bilər? Devalvasiya mümkündürmü? Hazırda hətta ABŞ-da əhali arasında ərzaq qıtlığının baş verəcəyi sarıdan ictimai narahatlıqlar yaranıb və bəzilərinin ərzaq ehtiyatı görməyə başladığı deyilir. Azərbaycan da bu kimi problemlərlə üzləşə bilərmi? Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neft qiymətlərinin gündəlik izlənməsi mütəxəssislər üçün vacib olsa da, Azəbaycanın dövlət büdcəsi üçün gündəlik yox, orta qiymət, tutalım, ən azı rüblük orta qiymət maraqlıdır: “Bu mənada hələlik ilin əvvəlindən Azərbaycan neftinin bir barelinin orta qiyməti 70 dollardan yuxarıdır. Bəli, indi qiymət bundan aşağı düşüb, amma ümumən götürəndə, geridə qoyduğumuz dörd aya yaxın müddətdəki qiymətləri hesablayanda orta qiymət 70 dollardan yuxarı çıxır. Neftin qiyməti qarşıdakı günlərdə yenə düşə bilər, amma sonra yenidən artarsa, deməli, müəyyən tarazlıq yaranacaq. Bununla belə dünya bazarlarında neftin ucuzlaşması tendensiyası Azərbaycan üçün təhlükəlidir. Çünki qiymət getdikcə düşür. Dünən “Brent” markalı neftin bir barreli 60 dolları gördü. Belə bir tendensiya Azərbaycan kimi neftdən aslı ölkələrdə həm büdcənin yerinə yetirilməsi, həm də valyuta gəlirlərimizlə bağlı müəyyən problemlər yarada bilər. Bu birbaşa ərzaq təhlükəsizliyi məsələsi deyil. Ərzaq təhlükəsizliyi tam fərqli meyarlarla ölçülür. Amma tendensiya belə getsə, neftin qiyməti, məsələn, 6 aydan, 1 ildən çox müddətdə ucuzlaşmaqda davam etsə, o zaman manatın məzənnəsi ilə bağlı müəyyən qərarların verilməsinə ehtiyac yarana bilər”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun