Medianews.az
“Asan İmza”nın çöküşü: nə baş verir? – <span style=color:red>EKSPERT ŞƏRHİ
351 baxış

“Asan İmza”nın çöküşü: nə baş verir? – EKSPERT ŞƏRHİ

“Asan İmza” sistemində 2-3 mart tarixlərində texniki çətinliklərin yaşandığı müşahidə olunur. Bu problem bankların, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə və bir çox dövlət qurumuna girişi məhdudlaşdırıb və sistemin autentifikasiya mexanizmlərinin müvəqqəti işləməməsi ilə nəticələnib. Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib: “Kiçik bir araşdırma apardım və gördüm ki, bu problem heç bir dövlət qurumunun birbaşa infrastrukturu ilə bağlı deyil. “Asan İmza”nın yaradıcı şirkəti "B.EST Solutions"dur. Heç cürə ağlım almır ki, bütün ölkəyə təsir edən bir problem yarana və bu şirkət cəmiyyətə açıqlama vermə ehtiyacı duymaya. Şirkətin rəsmi saytına, sosial hesablarına və əlaqəli dövlət qurumlarına baxdım, heç kəs bu barədə məlumat paylaşmayıb. Belə bir məsuliyyətsizliyi gözləmirəm desəm, yalan olar, əslində tam da gözlədiyim budur. Təəssüf ki...” E.Abbasov qeyd edib ki, hazırda bir çox şirkət əməkdaşlarının maaşlarını və ya digər ödənişlərini ödəyə bilmir: “Alternativ seçimlərdən daha öncə istifadə etməyiblər və “Asan İmza” ilə iş aparıblar. Təbii ki, ölkədə bir çox alternativ gücləndirilmiş elektron imza var, amma təəssüf ki, bəzi sahələrdə “Asan İmza”nın monopoliyada olduğunu görürük. Bəzi detallara sonra toxunacam. Niyə bəzi əməliyyatlar sadəcə sənəddə var, digər gücləndirilmiş imzalara inteqrasiya olunmayıb? Bu, böyük sual doğurur. Bu cür halların qarşısını almaq üçün dayanıqlı, inteqrasiya olunmuş alternativ sistemlər olmalı idi və “Asan İmza”nın bütün xidmətlərinin alternativləri bu alternativdə toplanmalı idi. Problem hələ tam həllini tapmayıb. İstifadəçilərə isə alternativ giriş üsulları barədə məlumatlandırılma tövsiyə olunur”. E.Abbasov rəsmi mənbələrə baxdığını, amma belə bir məlumatlandırmaya rast gəlmədiyini vurğulayıb. Misal kimi o, aşağıdakıları sadalayıb: “B.EST Solutions (bestsolutions.az) və Asan İmza Saytı (asanimza.az): Rəsmi saytda 2-3 mart 2025-ci il tarixlərinə aid heç bir nasazlıq və ya xidmətin dayandırılması barədə elan yoxdur. Saytda adətən texniki problemlər barədə bildirişlər yerləşdirilir. Həmçinin rəsmi sosial hesablarda bu barədə məlumat yoxdur. Dövlət qurumlarının rəsmi saytları: “Asan İmza” ilə bağlı rəsmi açıqlama və ya xəbər dərc olunmayıb. Mobil operatorlar: Azercell, Bakcell və Nar-ın rəsmi saytlarında və sosial media hesablarında “Asan İmza” xidmətinin çökməsi ilə bağlı heç bir məlumat tapılmadı. Bu arada qeyd edim ki, “Asan İmza”nın 1847 qaynar xətti də çöküb, daim məşğul göstərir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun