“Cavanlar böyük-kiçik bilsə, tərbiyələri olsa daha yaxşı olar. O vaxt böyük-kiçik çox idi, indi isə azalıb. Mən Zeynəb Xanlarova ilə dünyanı gəzmişəm, 5 dəfə Amerikada, 2 dəfə Yaponiyada olmuşam. Xan Şuşinksi, Rübabə Muradova və s. sənətkarlarla toy ifa etmişəm. Biz həmişə böyüyə-kiçiyə hörmət etmişik. İndi də şükürlər olsun ki, torpaqlarımız alınıb, başqa bir dərdimiz, problemimiz yoxdur. Amma milli-mənəvi dəyərlərimizi qorusaq daha yaxşı olar. Bu tək musiqiçilərə, müğənnilərə aid deyil. İstənilən peşə sahiblərindən söhbət gedir”
Bunu
Medianews.az-a açıqlamasında xalq artisti Sadıq Zərbəliyev deyib.
O daha sonra əlavə edib:
“O qədər olub ki, toya getmişəm, kasıb adam olub, pul almamışam, ona hədiyyə etmişəm. İndi çox asandır. Gedir toya, fanaqramı qoyur, ağzını açıb bağlayır, yalandan camaatı aldadıb, pulu alır qoyur cibinə. Belə olmaz! Bu halal sayılmır. Mən bu yaşımda konsertdə, toyda qan-tər içində oluram. Əziyyət çəkirəm, çünki insanlar mənə pul ödəyir, onları necə aldada bilərəm? Bu kişilikdən deyil”.
Sadıq Zərbəliyev bildirib ki, mərhum qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilovla onu küsdürüblər:
“Hər sahədə paxıl, xain insanlar olur. Rəhmətlik Heydər Əliyev mənə birbaşa xalq artisti fəxri adını verəndə aləm bir-birinə qarışdı. Çünki SSRİ zamanında heç bir musiqiçi əməkdar artist olmadan xalq artisti olmayıb. O qədər paxıllığımı çəkib, sözümü danışdılar ki.. Aftandil də böyük və təkrarolunmaz sənətkar idi. Paxıllar çox idi. Amma Aftandil dünyasını dəyişəndə gözü dolub, ağlayanlardan biri də mən idim. Təklikdə gedib o qədər məzarı ilə söhbət edirəm ki.. Bəlkə də sağ olsaydı özü ilə danışıb, aydınlaşdırardım. Hər dəfə gedəndə yasin də oxutdururam. Biz 40 il dost olmuşuq. O da bilirdi ki, mən necə dostam. Çox qarmon ifaçıları var idi, amma ondan yox idi. Bəzən Aftandilin vaxtı olmayanda toy sahibi toyunu gələn ilə salırdı ki, o iştirak etsin. Bəzən də olurdu ki, toy sahibindən heç pul almırdı. Bu cür ürək sahibi idi o. Aftandil İsrafilov, Şəmsi İmanov, Vəli Qədimov göz qabağında olublar. Bunları danmaq olmaz”.
Əli Əsgər
Medianews.az