Medianews.az
“Babamın anım günündə heç kim gəlmədi, borcları idi ki..”- <span style=color:red> Zivərbəy Əhmədbəyovun 86 yaşlı nəvəsi - FOTO
267 baxış

“Babamın anım günündə heç kim gəlmədi, borcları idi ki..”- Zivərbəy Əhmədbəyovun 86 yaşlı nəvəsi - FOTO

“Babam 1925-ci ildə dünyasını dəyişib. Bilirsiniz ki, o ermənilərin əlindən özünü öldürərək, intihar edib. Onun ölümündən artıq 100 il ötür. Mən və dostum bu gün əlimizdə gül dəstələri aparıb, babamın “Nizami” metrostansiyasının qarşısında olan heykəlinin önünə düzdük. Çox təəssüf edirəm ki, mən və dostumdan başqa orada heç kim yox idi. Saat 11-dən 6-ya qədər orada olduq ki, bəlkə kimsə gələr.. Çifayda!” Bunu Medianews.az-a açıqlamasında Zivərbəy Əhmədbəyovun nəvəsi Oqtay Əfəndiyev deyib. O daha sonra əlavə edib: “Xalq rəssamı, babamın heykəlinin müəllifi Natiq Əliyevə də xəbər vermişdim, o da gəlmədi.. Görünür rektor keçəndən sonra işləri çoxalıb. Heç bir televiziyada işıqlandırılmadı, məbuatda nəsə yazılmadı. Babam uzun illər Bakının baş memarı olub. Bakının hazırkı baş memarı da gəlib iştirak etmədi. Onun borcu idi orada olsun. Heç olmasa bir əklil göndərərdilər. Həqiqətən də gözüm insanları axtardı. Onlar gəlməli idilər. Borcları idi. Mənim bu dediklərimi şikayət kimi qəbul etməsinlər.. Nəsə danışmaq olardı.. Heykəlin önündə çıxışlar olmalı idi. Bu cür laqeyd münasibət məni çox üzdü. Yenə də gec deyil, bu günlərdə yenidən orada yığışıb qeyd etmək olar. Ölkədə görün nə qədər memar, rəssam var. Çox narazı qaldım”. Oqtay Əfəndiyev bildirib ki, babası haqda məlumatları ona anası verib: “Mənim hazırda 86 yaşım var. Anam Zivərbəyin yeganə qızı idi. Biz Çəmbərəkənddə babamın evində yaşayırdıq. Babam haqqında hər şeyi anam mənə danışırdı. Bu nəsildən təkcə mən qalmışam, qardaşlarım dünyasını dəyişiblər. Bir vaxt Sankt-Peterburqa gedib orada arxiv sənədləri axtardım. Çar 2-ci Nikolay babamın diplomuna qol çəkmişdi. Ölkə başçısı, cənab prezident İlham Əliyev babamın əziz xatirəsini əbədiləşdirmək üçün 2011-ci ildə “Nizami” metrostansiyasının qarşısında onun heykəlinin və adını daşıyan parkın açılışını edib. Bu böyük bir hörmət və ehtiram idi. Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzə Pir məscidi, Göyçayda Əbülfəzli Abbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları babamın layihəsi ilə tikilib. Bakı şəhərinin ən gözəl yerlərində yaşayış binalarının da müəllifi babamdır. Elə heykəli ilə üzbəüz tikilən binaları misal çəkə bilərəm. Çox istərdim ki, babamdan yadigar qalan binaları qorusunlar. Hərçənd ki, bizdə tarixi binaları sökürlər, ziyan vururlar. Həmin binaları yenidən qurmaq olar, nəinki dəyişdirmək. Çünki onlar canlı tarixlərimizdir. Şəhərimizin müəyyən bir büdcəsi var. Həmin büdcə yaxşı olar ki, elə şəhərin gözəlliyinə xərclənsin. Babamın Çəmbərəkənddəki evi sökülməli deyildi. Yaşıl teatrdan qabaqda idi. Dövlət qərar vermişdi ki, həmin bina sökülməsin. Akademik Hüseynov da qol çəkmişdi ki, bu tarixi binadır, sökülə bilməz. Bizi pərəm-pərəm saldılar. Anam bir yerə getdi, qardaşlarım bir tərəfə. Xarici ölkələrdə nə qədər göydələnlər tikilsə də, tarixi binalara əl dəymirlər, saxlayırlar” deyə memarın nəvəsi bildirib. Əli Əsgər 

Bizə qoşulun