Medianews.az
Müxalifət meydan istəyir: <span style=color:red>"Təsir imkanları genişlənməlidir”. “Belə getsə sistem iflasa uğrayacaq”
287 baxış

Müxalifət meydan istəyir: "Təsir imkanları genişlənməlidir”. “Belə getsə sistem iflasa uğrayacaq”

Siyasi partiyaların fəaliyyətində hansı dəyişikliklər müşahidə olunur? Bu dəyişikliklərin gələcək siyasi mənzərəyə təsiri nə ola bilər? Mövzu ilə bağlı Medianews.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, son zamanlar siyasi partiyaların fəaliyyətində xüsusi dəyişiklik yoxdur. Onun sözlərinə görə, 2020-ci ildə Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra partiyaların həyatında canlanma olub: “Partiyaların bir çox problemləri, tutalım, ofis kimi məsələlər həllini tapıb. Siyasi partiyaların mediaya çıxışı sadələşdirilib, bir sözlə, qadağa aradan qalxıb. Partiyalar yavaş-yavaş yenidən formalaşmağa, siyasi arenaya qayıtmağa başlayıb. Bu proses davam edir. Düzdür, istədiyimiz sürətlə davam etmir. Əslində siyasi partiyaların siyasi mühitə təsir imkanları indikindən çox olmalıdır. Bu da təbii ki, qanunvericilikdə, eyni zamanda seçki qanunvericiliyində təsbit olunmalıdır. Biz marağında olmalıyıq ki, siyasi partiyaların siyasi çəkisi artsın, ictimai-siyasi həyatda rolu, həm də yükü çoxalsın. Siyasətlə məşğul olmaq istəyən insanlar siyasi partiyalar ətrafında bilinən ideologiyalar, strukturlar ətrafında formalaşsınlar. Yəni mənşəyi bilinməyən qeyri-leqal birləşmələrin təsiri altına düşməsinlər. Bu hər bir dövlətin marağında olmalıdır. Bu istiqamətdə bəzi addımlar atılıb. Partiyaların sayı 70-ə yaxın idi, 26-ya enib. Çünki partiyaların qarşısına qoyulan bəzi öhdəliklər var, məsələn, üzv sayı ilə bağlı. Həmin tələbə cavab verə bilmədiyinə görə siyasi partiyaların sayı xeyli azalıb. İndi əsas məsələ partiyaların, eyni zamanda müxalifətin təsir imkanlarını genişləndirməkdir. Çünki partiyalar əsasən müxalifət partiyalarıdır”. T.Abbaslının qənaətincə, konstitusiyaya dəyişiklik partiyaların inkişafına təkan verə bilər: “Parlament, bələdiyyə seçkilərində proporsional seçki sisteminə qayıdış partiyaların fəaliyyətini, təsir imkanlarını artıra bilər. Seçki qanunvericiliyində də xeyli dəyişiklik edilməlidir. Partiyaların seçkilərdə iştirakı daha da sadələşdirilməlidir ki, insanlar partiyalarda cəmləşsinlər. Bu gün Azərbaycan parlamentində YAP-ı çıxsaq, cəmi 10 partiya qalır. Həmin 10 partiyadan isə 11 deputat var. Amma birtərəf adına 40-a yaxın deputat var. Bu normal deyil. Dünya siyasətidə birtərəf anlayışı yoxdur. Hər bir siyasətçi hansısa siyasi ideologiyaya, partiyaya bağlıdır. Həmin partiyanın xətti ilə təmsilçilik qazanır. Amma Azərbayanda 40-a yaxın deputat birtərəfdir. Birtərəf nə deməkdir? Hansı siyasi ideologiyaya, kursa bağlıdır? Ona görə atılmalı olan bəzi addımlar var. Həmin addımlar atılsa, Azərbaycanın siyasi mühitinin sağlamlaşmasına, siyasi partiyaların təkmilləşməsinə, yeni siyasi kadrların yetişməsinə şərait yaranar. Bunların zamanla baş verəcəyin gözləyirik, amma sürətləndirilsə daha yaxşı olar”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Medianews.az-a deyib ki, bu gün Azərbaycanda siyasi partiyaların fəaliyyətində passivlik, ətalət hökm sürür: “İctimai-siyasi vəziyyətlə bağlı təşkilatlanma demək olar ki, getmir. Siyasi fəallıq nümayiş etdirilmir. Siyasi partiyalar dövlətin və cəmiyyətin həyatında konstitusiyada nəzərdə tutulduğu səviyyədə iştirak etmir,  yaxud onların iştirakına yol verilmir. Belə getsə Azərbaycanda çoxpartiyalı sistem mütləq iflasa uğrayacaq”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun