Medianews.az
Vətəndaşın taleyi DİQQƏT MƏRKƏZİNDƏ: <span style=color:red>Prezidentin tapşırığı ilə bu ailələrə yardım göstəriləcək
252 baxış

Vətəndaşın taleyi DİQQƏT MƏRKƏZİNDƏ: Prezidentin tapşırığı ilə bu ailələrə yardım göstəriləcək

25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 35 nəfəri həyatını itirib, 32 sərnişin isə sağ qalıb. Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Dövlət başçısının digər tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb. Prezidentin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra isə dövlət başçısı İlham Əliyev hadisə ilə bağlı müşavirə keçirib. Dövlət başçısının imzaladığı sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Ölkə başçısı qəzanın araşdırılması ilə bağlı da sərəncam imzalayıb. Mövzu ilə bağlı Medianews.az-a danışan Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu ilk növbədə qeyd edib ki, dünyada heç bir aviaşirkət bu cür qəzalardan sığortalanmayıb və bu, mümkün deyil. Millət vəkili deyib ki, qəza hadisələri ilə üzləşməsi bütün nəqliyyat vasitələri üçün bir gerçəklikdir: “İndi əsas məsələ qarşısı alınmaz olan bu qəzadan sonra Azərbaycanın davranışlarıdır. Qəzadan sonra hadisə ilə əlaqədar geniş izahatın verilməsi, ictimaiyyətə hərtərəfli informasiyanın ötürülməsi hər hansı manipulyativ rəyin ictimai fikrə hakim kəsilməsinin qarşısını aldı. Bu, mühüm bir məsələ idi. Bundan da önəmli məsələ Azərbaycan Prezidentinin qəzadan sonra Rusiyaya səfərini yarımçıq qoyaraq ölkəmizə qayıtmasıdır. Dövlət başçısı qəzanın baş vermə səbəblərini araşdırmaq üçün komissiya yaratdı. Qonşu ölkələrin baş vermiş bu hadisəyə münasibəti də mühüm amildir. Bu, Qazaxıstan, Rusiya və Azərbaycan prezidentlərinin regional təhlükəsizliklə bağlı ortaq mövqedən çıxış etdiklərini bir daha ortaya qoydu. Təhlükəsizlik qonşularımızla birlikdə ortaq mənafeyimizdir. Bütün bunların fonunda ən mühüm məsələ isə Azərbaycan vətəndaşlarının taleyinin Azərbaycan dövlətinin diqqət mərkəzində olmasıdır. Düzdür, qəzadan sığortalanmaq qeyri-mümkündür, lakin baş vermiş bu faciədən sonra dövlətimizin, ölkə rəhbərimizin bir daha belə hadisələrin yaşanmaması üçün həyata keçirdiyi tədbirlər xüsusi vurğulanmalıdır. Bir qədər əvvəl qeyd etdiyim kimi, dərhal komissiya yaradılıb, hadisə yerinə göndərilib və faciənin səbəblərin öyrənilməsi istiqamətində əməli iş görülür. Təyyarə qəzası və çoxsaylı insanın həyatını itirməsi Rusiya, Qazaxıstan və Azərbaycanda bir çox ailələrə ağrı-acı gətirdi, onlar dəhşət yaşadılar. Bu fəlakətin miqyasına uyğun olaraq da Azərbaycanda müvafiq addım atıla bilər. Belə addımlardan biri də matəmin elan olunmasıdır ki, dövlət başçısı bu barədə bir qədər öncə müvafiq sərəncam imzalayıb. Bundan başqa, dövlət başçısının tapşırığı ilə qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək. Faciəvi hadisədə həyatını itirən insanlara bir daha Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”. Ağ Partiyanın sədri Tural Abbaslı da Medianews.az-a açıqlamasında əvvəlcə qəzada dünyasını dəyişən Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının ailələrinə başsağlığı verib, sağ qalanlara səbir diləyib. Qeyd edib ki, çoxsaylı insan itkisi ilə müşayiət olunan bu aviaqəza hər üç ölkəni kədərləndirib: “Qəza baş verəndən, həlak olan və yaralananların sayı barədə məlumatlar geniş ictimaiyyətə açıqlandıqdan sonra matəmin elan olunması ilə bağlı qərar veriləcəyi gözlənilən idi. Dövlət, statistika tam müəyyən olunduqdan sonra bu barədə qərar qəbul edilməliydi və edildi. Artıq Azərbaycan Prezidentinin imzaladığı sərəncamla dekabrın 26-sı ölkədə matəm elan olunub. Faciənin miqyası və onun böyüklüyü nəzərə alınıb. Bu, öz yerində. Amma mənim şəxsi mövqeyimə gəldikdə, matəm günlərinin qeyd olunmasının tərəfdarı deyiləm. Fikrimcə, dövlət matəm elan etmək əvəzinə, həmin qəzada həyatlarını itirənlərin ailələrinə daha çox dəstək olmalı, onlara mənəvi və maddi kompensasiya ödəməlidir. Matəm elan olunduqdan bir gün sonra həmin ailələri unutmaqdansa, onların rahat yaşamaları üçün şərait yaratmaq daha yaxşıdır. Düşünürəm ki, ailələrə qayğı və diqqətin göstərilməsi istiqamətdə müəyyən addımların atılması daha önəmlidir”. Nailə QASIMOVA

Bizə qoşulun