Medianews.az
İvanişvilinin YENİ HƏDƏFLƏRİ: <span style=color:red>Gürcüstan üçün MƏQBUL YOL
224 baxış

İvanişvilinin YENİ HƏDƏFLƏRİ: Gürcüstan üçün MƏQBUL YOL

Bu gün Tbilisidə Gürcüstan parlamentinin yeni çağırışının ilk iclası keçirilib. “Gürcü Arzusu” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili artıq parlamentin deputatı kimi fəaliyyətə başlayıb. O, birinci sırada, Baş nazir İrakli Kobaxidze ilə partiyanın hazırkı sədri və iki dəfə baş nazir olmuş İrakli Qaribaşvilinin arasında əyləşib. İclasda yeni parlamentin gələcək iş gündəliyi və siyasi planları müzakirə edilib. Jurnalistlərə açıqlamasında isə spiker Şalva Papuaşvilinin bildirib ki, Gürcüstanda prezident seçkisinin, eləcə də andiçmə mərasiminin 2024-cü ildə keçirilməsi nəzərdə tutulur. “Biz prezidenti beş il müddətinə seçməliyik. Müvafiq olaraq, prezidentin beş il müddətinə seçilməsi üçün də seçkinin və andiçmə mərasiminin bu il keçirilməsi vacibdir”, - deyə Papuaşvili bildirib. Maraqlıdır, Gürcüstanda prezident seçkisinin qabağa çəkilməsi əsl gerçəklikdə nə ilə bağlıdır? Son parlament seçkisində qələbə qazanan, hakimiyyəti əlində saxlayan Bidzina İvanişvili indi də prezident kürsüsündə öz adamını əyləşdirmək istəyirmi? Yeni hədəflər nədən ibarətdir? Gürcüstanda parlament seçkisini uduzan Qərbin erkən prezident seçkisində davranışı, hadisələrə reaksiyası necə olacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, Gürcüstanda parlament seçkisindən sonra yaranmış qeyri-müəyyən durum davam etdikcə, yeni prezidentin seçilməsi mümkünsüz duruma düşür. Onun sözlərinə görə, prezident seçilməsi prosesi, müvafiq qaydalar Gürcüstanda tamamilə fərqlidir: “Növbəti prezident Seçicilər Kollegiyası tərəfindən seçiləcək. Mərkəzi Seçki Komissiyası prezidentin seçilməsi üçün tarix təyin etdikdən sonra 300 üzvdən ibarət seçki kollegiyası formalaşdırır. Bu 300 üzvün 3/2-sinin səsini toplayan namizəd ilk turda qalib olur. Göründüyü kimi, gürcü müxalifəti parlamenti boykot etdiyi üçün 89 mandat almış "Gürcü Arzusu" iqtidar partiyasının səsləri buna imkan vermir. Əslində indinin özündə parlamentə ya yenidən seçkilər keçirilməli, ya da boş qalan yerlərə yeni namizədlərin seçilməsi təşkil olunmalıdır. Bu baxımdan Gürcüstan hakimiyyətinin prezident seçkisi keçirmək cəhdi uğursuz olacaq. Hakimiyyətin prezident seçmək istəyi hakimiyyət qanadlarının mövcudluğunu imitasiya etmək cəhdidir. İndiki prezident seçkisi prosesini də hakimiyyətin dövründə yeni müəyyən ediblər. Yəni, bunun həyata keçib-keçməməsi hakimiyyətin legitimliyini müəyyən edəcək amil olmalıdır”. Siyasi şərhçinin qənaətincə, B.İvanişvili prezident kürsüsünə öz adamını əyləşdirməyə çalışacaq: “Hesab edirəm ki, bu, qaçılmaz olacaq. Çünki müxalifətin bu seçkini boykot edəcəyi də gözlənilir. Hələlik namizədlərin irəli sürülməsi gündəmdə olmasa da, hakimiyyətin namizədinin olması böyük ehtimaldır. Müxalifət seçkidə iştirak etməsə, namizəd də irəli sürməz, amma tərəflərin müəyyən şərtlər daxilində razılaşması fonunda Gürcüstanda hakimiyyət idarəçiliyində razılıq əldə edilə bilər. Fikrimcə, bu, Mixeil Saakaşvilinin azadlığa buraxılması, hətta prezidentliyə namizəd olması durumunda ola bilər. Gürcüstan hakimiyyəti də Qərbin təzyiqlərindən qurtula bilər. Bu, Gürcüstan üçün məqbul yol ola bilər. Amma bu variantın mümkünlüyünü böyük ehtimalla hakimiyyət qəbul etməz. Qərb isə gürcü hakimiyyətini qəbul etmir və bu durumda da qəbul etməyəcək. Tək məqbul variant qeyd etdiyim yol ola bilər ki, hakimiyyət və müxalifət razılığa gələ bilər”. Nailə QASIMOVA

Bizə qoşulun