Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu nəqliyyat dəhlizinin ya Ermənistan, ya da İran üzərindən qısa zamanda açılacağını qətiyyətlə bildirib. O, bunun zaman məsələsi olduğunu deyib.
Sözsüz ki, burada İran üzərindən, yaxud da Azərbaycan+Ermənistan+Türkiyə üzərindən (Zəngəzur dəhlizi) keçəcək Orta dəhlizdən söhbət gedir. Əgər müqayisə etsək, bu dəhlizin hansı istiqamət üzrə açılması daha real və təhlükəsizdir? Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsi mümkündürmü? Azərbaycan, İran, Ermənistan və Türkiyə ayrı-ayrılıqda buna necə baxır?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Natiq Cəfərli bildirib ki, Azərbaycan və Türkiyə bir çox məsələlərlə bağlı koordinasiya olunmuş şəkildə addım atır, həmrəy fəaliyyət göstərirlər. O, Zəngəzur dəhlizinin açılmasında da Bakı ilə Ankaranın ortaq mövqedən çıxış etdiyini diqqətə çatdırıb.

N.Cəfərlinin qənaətincə, nə İrandan, nə də Ermənitandan ayrı-ayrılıqda aslı olmaq düzgün deyil: “Hesab edirəm ki, bu yollara alternativlərin olması daha düzgün seçim sayılar. Bu, daha yaxşı effekt verəcək. Gələcəkdə bu yolların açılması regiona kifayət qədər ciddi təsir edəcək. Rusiyanın əsas istəyi ondan ibarətdir ki, Zəngəzurdan keçəcək yola birbaşa özü nəzarət etsin. Amma Ermənistanın da mövqeyi bundan ibarətdir ki, bu yola nəzarət özünün əlində olmalıdır. Son zamanlar burda da bir irəliləyiş əldə olunub. Moskva görüşündən sonra qarşılıqlı güzəştlərin olduğunu görürük. Ümumiyyətlə, Zəngəzur dəhlizi məsələsi Ermənistanla Azərbaycan arasındakı bir problem deyil. Əsas problem Rusiya ilə Ermənistan arasındadır. Əgər onlar öz aralarında anlaşa bilsələr yolların, kommunikasiyaların açılması daha da sürətlənəcək. Alternativ olaraq da İran üzərindən keçən kommunikasiya xətlərinin olması kifayət qədər ciddi üstünlüklər yarada bilər. Yəni, hansısa bir ölkənin basqı yaratmasına imkan verməz”.
Nailə QASIMOVA