Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi bu gün başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar
elan olunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib.
Əhməd son sözündə heç nə deməyib. Deyəcək sözünün olmadığını bildirib. Yekun qərarla, Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək. Öldürülən şəxslərin hüquqi varisləri də Əhmədin məcburi müalicəsinə etiraz etməyiblər.

Məhkəmənin Əhməd barəsində elan etdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Ailəsinin 5 üzvünü, qadınları və körpələri xüsusi amansızlıqla, müxtəlif məkanlarda və fərqli üsullarla qətlə yetirən bir şəxsin faktiki cəzadan azad edilib psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə iddialar səsləndirilib. Sosial mediada geniş müzakirələrə yol açan həmin iddialara görə, ifadəsində azyaşlını öldürməsinin motivini, öldürdüm ki, o da böyüyüb onlardan biri olacaqdı, deyə izah edən birinin psixiatriya mərkəzində müalicə alması, cəmiyyətə yararlı olması şübhə doğurur. Bildirilib ki, belə bir şəxsin müalicəsi qeyri-mümkündür. Hətta bir ailənin 5 üzvünü qətlə yetirən Əhmədin bir növ cəzasız qalmasını tamamilə sıradan çıxmış ədalət mühakiməsi sisteminin Azərbaycan cəmiyyətinə qarşı hörmətsizliyi, həqarəti kimi qələmə verənlər də var.
Mövzu ilə bağlı Medianews.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin (DİHK) sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, qəbul edilən qərar tam ədalətlidir.

Hüquqşünasın sözlərinə görə, Ə.Əhmədov şizofreniya xəstəsidir və qanun tələb edir ki, bu cür şəxslər cəzaçəkmə müəssisəsində deyil, ruhi xəstəxanalarda qapalı şəkildə müalicə olunsun: “Hadisə olduqca ağırdır. Demək olar ki, ailənin bütün üzvləri qətlə yetirilib. Biz, hüquqşünaslar, sözügedən hadisənin baş verdiyi vaxtda da deyirdik ki, bu, normal insanın törədə biləcəyi cinayət deyil. Hər hansı bir cinayətdə motiv, əsas səbəb olduğu halda, burda onlar yoxdur. Xəstənin beyninə bir "komanda" göstəriş verib və o, həmin göstərişi icra edib. Sözügedən şəxs şizofreniya xəstəsidir və qanun tələb edir ki, bu cür şəxslər cəzaçəkmə müəssisəsində yox, psixi, ruhi xəstəxanalarda qapalı şəkildə müalicə olunsun”.

DİHK sədri vurğulayıb ki, sözügedən müəssisə həbsxananın başqa bir formasıdır: “Psixi xəstəxanalarda müəyyən müalicələr gedir. Bəzən həmin müalicələri tətbiq etmək üçün əl-qolun bağlanması, dərmanların zorla qəbul etdirilməsi və sair metodlardan istifadə olunur. Yəni, bu, cəzaçəkmə müəssisənin digər bir formasıdır. Cinayətkar burada müalicə olunaraq cəzasını çəkəcək. Bu tipli xəstələr sağalan xəstələr deyillər. Təcrübə göstərir ki, şizofreniya xəstələri sağalmayıb ömürlük xəstə olaraq qalırlar”.

Ç.Qənizadə söyləyib ki, əgər şizofreniya xəstələri aqressiv davranırlarsa, onlar dərhal izolyasiya olunmalıdırlar: “Allah ailəsinə rəhmət eləsin! Lakin, çox təəssüflər olsun ki, xəstənin bu cür problemlərinin olduğunu bildikləri halda, eldən, obadan ehtiyat edib onu azadlıqda saxlayıblar. Nəticədə isə, öz başlarına bu cür ağır hadisə gəlib. Əgər şizofreniya xəstələri aqressiv davranırlarsa, onlar dərhal izolyasiya olunmalıdırlar. Çünki şizofreniya xəstələrinin bir çoxu aqressiv olmur. Onlar daha çox yatmağa, sakit bir küncə çəkilib oturmağa üstünlük verirlər. Elələri də var ki, misal üçün, deyirlər ki, "bizə komanda gəlir", “bizə tapşırıqlar gəlir ki, bunu etməliyik" və sair. Onlar artıq aqressiv formaya keçirlər. Belələrinin beyninə bir "komanda" gələndə düşünürlər ki, mütləq gedib onu icra etməlidirlər. Sözügedən hadisə də bunlardan biridir. Bu cür xəstələr vaxtında cəmiyyətdən təcrid edilib xəstəxanaya yerləşdirilməlidir”.
Lamiyə