“Əlibəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov küçələrinin kəsişməsindən keçən xəttə baş verən axıntının kanalizasiya borusu ilə əlaqəsi yoxdur”.
Bu barədə Medianews.az-a Nəsimi Rayon Sukanal İdarəsindən bildirilib.
Qeyd olunub ki, həmin ərazidə su xəttində sızma olub və yerli Sukanal İdarəsinin əməkdaşları borunun zədəli hissəsini bərpa ediblər.
Məlumata görə, asfalt örtük üzərində qazıntı işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müvafiq icazə alındıqdan sonra aparılıb. Asfalt örtüyünün bərpası üçün isə aidiyyəti üzrə müraciət olunub.
15:22
Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov küçələrinin kəsişməsində antisanitar vəziyyət hökm sürür.
Medianews.az xəbər verir ki, “Kubinka” adlanan bu ərazidə artıq iki aya yaxındır kanalizasiya xətti dağılıb. Bunun nəticəsində çirkab sular, üfunət ətrafa yayılır.
Qeyd edilən ünvanda yaşayan sakinlərin redaksiyamıza yolladığı fotolarda və yazılı müraciətdə bildirilib ki, mövcud problemlə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətini dəfələrlə xəbərdar ediblər. Lakin indiyə kimi problem həllini tapmayıb.
Sakinlərin sözlərinə görə, ötən dövr ərzində çirkab suların əmələ gətirdiyi gölməçələr tədricən asfalt örtüyü də dağıdıb, yolda çala-çökəklər əmələ gətirib.
Vətəndaş müraciətini araşdırmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov küçələrinin kəsişməsində 25 millimetr diametrli su xəttində sızma baş verib.
Qeyd olundu ki, hazırda həmin ərazidə problemin aradan qaldırılması üçün işlər aparılır.
Turan ORUC