Bu gün dünyanın 5 qitəsində milyonlarla azərbaycanlı yaşayır. Onların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Xaricdə yaşayan azərbaycanlıların bir çoxu istedadı, bacarığı ilə böyük uğurlar qazanıb.
Məhz həmin gənclərdən biri də öz uğurları ilə Azərbaycanı xaricdə layiqincə tanıdan, orda yaşayan azərbaycanlılara dəstək olan Yusif Əfəndizadədir.
Qeyd edək ki, Yusif Əfəndizadə 1991- ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra “Cahan Holdinq”in tərkibində olan “Cahan Motors” da işə başlayıb. İşə kassir kimi başlasa da, daha sonra baş mühasib, holdinqin maliyyə rəisinin köməkçisi olub. 2017 -ci ildən isə Polşada yaşayır. Burda maliyyə üzrə magistr təhsili alıb. Təhsilini başa vurub şirkətlərin birində işə başlayıb. Yusif Əfəndizadənin işlədiyi sahə bank sahəsidir. “Citybank”, Goldman Sachs” kimi böyük şirkətlərdə fəaliyyət göstərib. Hazırda “JP Morgan Chase” şirkətində çalışır.
O bildirir ki, diaspora fəaliyyətinə 2018 – ci ildən başlayıb:
“Polşanın Poznan şəhərində azərbaycanlılar yaşasada, amma aktiv deyildilər. Mən bir qrup gənclə əlaqələr qurmağa başladım və bir yerdə tələbə üçün uyğun olan işə başladıq. Bir müddət şokolad zavodunda işlədik. Qablaşdırma, paketləmə işində işlədik. Burda işləyən azərbaycanlılardan ibarət “Whatsapp” qrupunun üzərindən şəbəkə yaratdıq. İIk vaxtlar qrupumuz 15 nəfərdən ibarət idi. Bu şəhərə gələn azərbaycanlı gəncləri qrupumuza daxil edərək köməklik göstərir və şəhər, iş imkanları haqqında onları məlumatlandırırdıq.
İşlədiyimiz zavodda ilk vaxtlar azərbaycanlıları işə götürmürdülər. Bir qrup gənc burda mənfi reputasiyalar yaratmışdılar. Biz isə Azərbaycan haqqında müsbət rəy formalaşdıraraq, həmin gənclərin zavodda fəaliyyətinə imkan yaratdıq. Bir müddət sonra onlarla isti, sıx münasibətlərimiz formalaşdı. Həmin şəhərə gələn azərbaycanlıları zavodda işə düzəldirdik. Azərbaycanlılara dəstək elə burdan başladı. Əlimizdə olan imkanı yeni gələn gənclərimizlə bölüşürdük. Poznan qrupumuzun hazırda 100-150 üzvü var. Yenə də azərbaycanlılara dəstək, məlumatlandırma bu günə qədər davam edir. Biz hansı azərbaycanlının işə ehtiyacı olarsa, əlimizdən gələn köməyi edirik. Bir neçə xanım üzvümüz var ki, restoranda kassir olaraq işə düzəliblər. Poznanda fəaliyyətimiz çox böyükdür. 2020 -ci ildə banklardan birinə təyinat aldım. Bu bank Qdanskda yerləşirdiyi üçün bura köçməli oldum. Bu şəhərdə iş imkanlar olduqca yüksək idi. Bir qrup azərbaycanlı olsa da, əlaqələr zəif idi. Lakin zamanla münasibətlər qurmağa başladıq. Burdakı birliyimiz daha böyük oldu. Burda işləyən və oxuyan azərbaycanlılar daha çoxluq təşkil edirdilər.
İşlədiyim şirkətdə işçilərə ehtiyac olurdu. Məndə qruplarda azərbaycanlıları məlumatlandırırdım.
Təəssüf ki, məni heç kim məlumatlandırmamışdı ki, bu banklarda, şirkətlərdə çalışmaq olar. Mən burda ciddi biliklərə yiyələndim və bildim ki, savadlı azərbaycanlıları bura cəlb etmək olar. İşlədiyim şirkətə müraciət edərək azərbaycanlıların burda işləməyinə dəstək olurdum. Digər azərbaycanlılar da öz dəstəklərini yeni gələn gənclərdən əsirgəmirdi. Beləliklə bir çox gənclər bu birlikdən bəhrələndi”.
Yusif Əfəndizadənin sözlərinə görə, əvvəl Polşada o sistem yox idi. Heç kim bir- birinə dəstək olmurdu. Lakin mən və dostlarım çalışdıq ki, azərbaycanlılardan ibarət birlik yaransın və insanlar bir-birinə kömək etsin:
“Biz bunu ənənə halına gətirdik. Hazırda kifayət qədər azərbaycanlı bundan bəhrələnir. 2023 -cü ildə ciddi fəaliyyətimiz var. Biz bu sistemi qura bildik. Azərbaycanlılar bir-birinə hər mövzuda dəstək olur. Düşünürəm ki, ən böyük nailiyyətimiz Polşada bu sistemi qurmaq oldu. Çünki mən və dostlarım bunu kütləviləşdirdik. İndi hər kəs bir-birinə dəstək olur”.
O qeyd edir ki, 2021-ci ildə işi ilə bağlı Varşava şəhərinə köçür:
“Varşava şəhəri digərləri ilə müqayisədə daha böyükdür. Burda kifayət qədər azərbaycanlılar var. Şəbəkənin yaradılması üçün ilk 6 ayda çox əziyyət çəkdim. “Polşa Azərbaycanlılar Şurası” nın sədri Fərid Cəfərli ilə tanış oldum. Bundan sonra birgə fəaliyyətə başladıq. Burda kifayət qədər tələbə, işləyən azərbaycanlılar olduğu üçün aktiv qrup yaratdıq. Şəbəkələşmə görüşləri təşkil etdik. Burda da azərbaycanlıların işlə təmin olunması ənənəsi davam edirdi. Bir çox şəhərlərdə biz azərbaycanlılardan ibarət qrup yaratmağa müəffəq olduq. Şəbəkənin hər cür imkanla təmin olunması üçün Azərbaycan Tələbə və Məzunlar Birliyi var idi. Mən birliyinin sədri vəzifəsini icra edirdim. Daha sonar Nə?, Harda?,Nə zaman? yarışmasını təşkil etdim. Bütün şəhərlərə tək-tək gedərək bu yarışmanı orda təşkil edirdik. Final oyununu da Varşavada təşkil etdik. Hazırda Krakovda və bir neçə başqa şəhərdə azərbaycanlılardan ibarət qrupumuz var. Bir sıra tədbirlər, bayram təşkil edirik. Hazırda Varşavada fəaliyyət göstərirəm. Aktiv diaspora fəaliyyətimiz var. Mən “Polşa Azərbaycanlılar Şurası” nın fəal üzvüyəm”.
Yusif Əfəndizadə onu da vurğulayır ki, biz Polşaya gələn hər bir azərbaycanlıya dəstək olmaqda davam edirik:
“Mən və komanda yoldaşlarım konsultasiyalar təşkil edirik. İstər “Online”, istərsə də “Offline” şəkildə heç bir ödəniş olmadan azərbaycanlılara kömək edirik. Treninqlər təşkil edirik. Bu fəaliyyətimizin yekun nəticəsi olaraq şirkətlərdə kifayət qədər azərbaycanlılar çalışır. Bir azərbaycanlı olaraq öhdəmə düşəni etmişəm. Əgər Polşada azərbaycanlılar bir-birinə dəstək olursa, bunun əsasını qoyanlardan biri də mən və komanda yoldaşlarımdır”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.