Ölkə və ya dünya gündəmindən xəbərdar olmaq üçün hər birimiz gündəlik olaraq bir neçə xəbər oxuyub, informasiya axınında iştirak edirik. Müharibələr, mühacirlərin vəziyyəti, iqtisadi vəziyyət, siyasi məsələlər, qadın, uşaq və heyvanlara qarşı edilən zorakılıqlar haqqında hər gün ən azı bir sıra belə xəbərlərlə qarşılaşırıq.
Facebook, Twitter, Instagram və hətta mesajlaşma tətbiqi Whatsapp artıq bu cür informasiyaların ötürüldüyü və paylaşıldığı yerlərdir və bu proqramların heç birini istifadə etmədən yaşamaq, demək olar ki, mümkünsüzdür. Çünki artıq onlayn media həyatımızın bir hissəsinə çevrilib.
Həmin xəbərlərin bizə mənfi təsiri isə gündəlik olaraq yaşadığımız streslərlə birləşəndə getdikcə pisləşən bir psixoloji vəziyyət meydana gəlir. Bəs insanlarda fiziki və psixoloji problemlərə yol aça biləcək “xəbər panika”-sına qarşı hansı tədbirlər görmək olar?
Medianews.az xəbər verir ki, Amerikalı ekspertlər bunun üçün 10 mübarizə üsulu təklif edir:
Amerikalı ekspertlər tərəfindən “xəbər narahatlığı” ilə mübarizə aparmağınız üçün 10 üsul topladıq:
1) Özünüz üçün dəqiq vaxt çərçivələri təyin edin və bunun üçün taymerdən istifadə etməkdən çəkinməyin
Necə ki, uşaqlarımızın televizor qarşısında ola biləcəyi vaxtı müəyyən edirik, xəbərlərdə də eyni prinsipi özümüzə tətbiq etməliyik.
2) “Son Dəqiqə” xəbərlərini yavaş-yavaş həzm edin
Ən son xəbərlər, yüngül təsirli olsa da, bədəndə adrenalinin qeyri-iradi ifrazına səbəb olur. Gündə neçə dəfə buna məruz qalmağınızdan asılı olaraq əhvalınız və həyatınızdakı başqa şeylərə diqqət yetirmə qabiliyyətiniz təsirlənir. Burada sürət prioritet olduğu üçün həmin xəbərlərdə spekulyasiya və dezinformasiya çox olur. Hadisələrin aydınlaşması üçün bir müddət gözləmək və sonra informasiyanı qəbul etmək daha qənaətbəxş sayılır.
3) Xoş xəbərlərə maraq göstərin
Kütləvi reaksiya üçün istifadə edilən bütün polemikalar, təbii fəlakətlər üçün istifadə edilən sosial media həştəqləri arasından yaxşı xəbərləri tapmaq olduqca çətindir. Həmişə alternativləriniz arasında yaxşı şeylərin baş verdiyini bildirən xəbər mənbələrini saxlayın və onları müntəzəm olaraq oxuyun.
4) Xəbərləri təkcə Facebook-dan izləməyin, qəzet alın və gündəmi bu vasitə ilə öyrənin
Köhnə xəbər agentliklərindən istifadə edin, hətta bəzən onlara ehtiyacınız olmadığını düşünsəniz bu yola əl atın. Xəbərlərə köhnə yollarla çatmaq, həyatın daha yavaş və daha sakit olduğu bir dövrü xatırladır. ‘Faydalı mətn’ (hipermətn) olmadığı üçün xəbərlər bitənə qədər başqa mövzulara və xəbərlərə keçid etməyəcəksiniz.
5) Özünüzü hər xəbərə fikir bildirməyə borclu hiss etməyin
Rəqəmsal mühitdə hər şey ikitərəfli qarşılıqlı əlaqəyə imkan verdiyi üçün xəbərlərin altında yazılan şərhlərə, forumlara və müzakirələrə cəlb olunmaq heç də xoş deyil. Xəbəri şərh etmək istəmirsinizsə, istər yaxın ətrafınız olsun, istərsə də internetdə tanımadığınız insanlar, bunu etmək məcburiyyətində qalmayın. Əgər nahar zamanı həmkarlarınız pis xəbərlər haqqında fikirlərinizi soruşursa, tez bir zamanda mövzunu yaxşı xəbərə dəyişin və müzakirəni sonlandırın.
6) Yatmadan əvvəl xəbərlərə baxmayın
Dünya ilə əlaqənizi kəsməzdən əvvəl son hadisələrə nəzər salmaq istəyirsiniz? Bunu etməyin. Edə biləcəyiniz ən pis şeylərdən biri, dinc yuxuya getməzdən bir neçə dəqiqə, hətta saniyələr əvvəl xəbərlərə nəzər salmaqdır. Bu addım gecələr narahatlığa səbəb ola bilər. Nə ilə maraqlanırsınızsa, səhərə qədər səbr edin.
7) Günə motivasiya podkastları(audio və ya video media fayllar) ilə başlamaq yaxşı fikirdir
Xəbəri səsli formada oxuyan pozitiv şəxs gün ərzində qarşılaşacağınız xəbərlərin psixologiyanıza vura biləcəyi zərərlərə qarşı sizi ilkin qoruma ilə təmin edir.
8) Əgər bacarırsınızsa, sosial media kanallarının telefon tətbiqlərindən istifadə etməyin və onları silin
Sosial media platformalarını hər zaman cibinizdə gəzdirmək də narahatlığa səbəb olur. Hər an bu tətbiqlər vasitəsilə sizə yeni paylaşıma aid bildiriş göndərilir. O zaman bunu görməzdən gəlmək mümkün olmur. Həmin platformaları stasionar və ya dizüstü kompüterlərinizdə istifadə etməyə qərar vermək çox doğru bir davranışdır.
9) Ara-sıra onlayn media ilə əlaqəni tamamilə kəsməyə çalışın
Sözün əsl mənasında xəbərlərdən bezmisinizsə, bəzən qısa müddətə də olsa rəqəmsal dünya ilə əlaqəni tamamilə kəsmək yaxşı fikir ola bilər. Doğmalarınız üçün çox təcili bir vəziyyət yaranarsa, onların sizi tapa bilməsi üçün lazımi əlaqə üsulunu təmin edin və qalan hər şeyi bağlayın.
10) Xəbərlərə soyuqqanlılıqla yanaşmağı öyrənin
Unutmayın ki, heç nə dünyanın sonu deyil, tarixdə bundan da böyük fəlakətlər və hadisələr üz verib. Hansı xəbəri analiz etmək istəsəniz, düzgün perspektivdən istifadə edərək özünüzü “xəbər panika”-sından qoruya bilərsiniz. Təbii ki, baş verən xoşagəlməz hadisələri qiymətləndirməmək olmaz, amma bizi dünyanın sonu psixologiyasında saxlayan xəbərlərə də zehnimizdə geniş bir yer ayıra bilmərik.
Aytac Şahin
Medianews.az