12 avqust-dan etibarən 2022/2023-cü tədris ili üçün peşə təhsil müəssisələrinə elektron tələbə qəbulu prosesinə yekun vurulub. Peşə təhsili ilə bağlı 22 mindən çox insan müraciət edib. Bu da digər illərlə müqayisədə rekord həddir. Gənclərin peşə təhsilinə marağının artmağı kadr ehtiyatlarımızın artmağına güclü təsir göstərəcək. Son zamanlar marağın kəskin artmasına təsir göstərən amillər maraq doğurur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Medianews.az-a açıqlamasında peşə təhsil müəssisələrinə olan marağın əsas səbəblərini açıqlayıb:
“Son illərdə peşə təhsilinə marağın artmasına bir neçə əsas səbəb var. Əmək bazarında peşə ixtisası üzrə tələbat yüksəlib. Bu da gənclərin peşə təhsili alaraq iş tapma ehtimalını artırır. Həmçinin qəbul şərtləri də çox çətin deyil. Həmin müəssisələr infrastruktur, peşəkarlıq baxımından da inkişaf edib. Bunun nəticəsidir ki, peşə təhsil müəssisələrinə rekord sayda müraciət daxil olub. Həmin təhsil idarələrində ixtisaslar artırılıb, avadanlıqlar müasir səviyyədə təşkil olunub. Dövlətin bu sahəyə diqqəti hiss olunur. Eyni zamanda regionlarda da peşə təhsili müəssisələrinin açılması məhz bu təhsil növünü seçən insanlara xeyli maraq kəsb edir”.
İlqar Orucov qeyd edib ki, peşə təhsilinin hüquqi tərəfləri də möhkəmləndirilib:
“Peşə təhsilinin hüquqi tərəfdən möhkəmləndirilməsi də insanlarda bu sahəyə marağı artırıb. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsinin verilməsi gəncləri bu təhsil növünə daha da həvəsləndirib. Bu qərarın perspektivi genişdir. Peşə təhsilini bitirən gənclər artıq növbəti mərhələdə ali təhsil müəssisələrinə müraciət edə bilərlər. Onlar üçün əlavə imkanlar daha da çoxaldılacaq”.
Ekspert regionlarda peşə təhsil müəssisələrinin çoxaldılmasının iqtisadiyyata müsbət təsir edəcəyini vurğulayıb:
“Regionlarımızdakı peşə təhsil müəssisələri də yaxşı vəziyyətdədir. Onların sayını artırmaq üçün böyük səy göstərilməlidir. Düzdür, bu xeyli maliyyə vəsaiti tələb edir. Lakin regionlarda peşə təhsil mərkəzlərinin sayının artmağı iqtisadiyyatın ayrı-ayrı sahələrinə böyük ölçüdə təsir edəcək. Bununla da büdcəyə xərclənəndən daha çox gəlir gələcək”.
Fəlsəfə doktoru qeyd edib ki, peşə təhsil müəssisələrini bitirən gənclərə əmək bazarında ehtiyac var:
“Peşə təhsilində yeni müəssisələrin açılması ilə əmək bazarının tələb etdiyi ixtisaslar üzrə yeni mütəxəssislər hazırlaya biləcəyik. Ənənəvi peşələrlə bərabər yeni ixtisasların öyrədilməsi vətəndaşımızın, ölkəmizin gələcəyi üçün əhəmiyyətlidir. Ali təhsil imkanları olmayan gənclər gələcəkdə iş tapa bilmək üçün peşə təhsil mərkəzlərinə müraciət edərək doğru yolda addımlayırlar. Peşə təhsil mərkəzlərini bitirənlərin iş tapma şansı ali təhsil mərkəzlərini bitirənlərdən heç də az deyil. Bacarıqlı kadrlara ehtiyac var”.
Xanlar Əlibəy
Medianews.az