İranda edamların sayı artmaqdadır. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterresin hesabatına görə, İranda yanvarın 1-dən martın 20-dək, ən azı 105 nəfər edam edilib.
Medianews.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurası qarşısında çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarının müavini Nada Əl-Naşif İranda edamları pisləyib və deyib: “Baş katib edamların artırılmasından dərin narahatdır”.
İranda edam cəzasının qeyri-ciddi cinayətlərdə və ədalətli mühakimə standartlarına uyğun olmayan üsullarla tətbiq olunmağa davam etdiyini bildirən Əl-Nəşif narkotiklə bağlı ittihamlarla edam cəzasına məhkum edilən 52 nəfərin edam edilmək üçün Şiraz həbsxanasına köçürüldüyünü bildirib.
Həmçinin İranda yeniyetmə cinayətkarlar üçün edam cəzasının beynəlxalq hüququn pozulması ilə davam etdirilməsini pisləyən Əl-Naşif bildirib ki, 2021-ci ilin avqustundan 2022-ci ilin martına qədər azı iki yetkinlik yaşına çatmayan uşaq edam edilib və 85-dən çox yetkinlik yaşına çatmayan cinayətkar edam cəzasına məhkum edilib.
İranın BMT-nin Cenevrədəki daimi nümayəndəsinin müavini Mehdi Əli Abadi verdiyi açıqlamada hesabatın “əsassız və yalan iddialar” olduğunu, bunun İranı ləkələmək üçün Qərb ölkələri tərəfindən BMT-yə təqdim edildiyini əsas gətirib.
“Ali insan haqları qanununun xırda siyasi alətə çevrilməsi dəhşətli və utancvericidir”,-deyə Abadi bildirib.
Qeyri-hökumət təşkilatlarının topladığı məlumatlara istinad edən hesabatda 2020-ci ildə İranda 260 nəfərin, 2021-ci ildə isə 14-ü qadın olmaqla ən azı 310 nəfərin edam edildiyi bildirilib.
Leyla, Medianews.az